Layihə
Heydər Əliyev və idman

“Heydər Əliyev İli”, V yazı: Ulu öndərin hakimiyyəti dövründə ölkəmizdə beynəlxalq səviyyəli turnirlər
Hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi vaxtda Heydər Əliyev ittifaq səviyyəli turnirlərin təşkilini vacib sayırdı. Məhz onun hakimiyyət illərində Azərbaycan Sovet Sosialist Respublikasında bir sıra irimiqyaslı yarışlar keçirilmişdi.
Müstəqillik dönəmində də Ulu öndər bu siyasətini davam etdirdi. Hal-hazırda idman azarkeşləri ölkəmizdə beynəlxalq səviyyəli turnirlərin keçirilməsinə alışıblar. Bu alışqanlığın səbəbi isə Azərbaycanda böyük turnirlərin mütəmadi təşkil edilməsidir.
Lakin müstəqilliyin ilk illərində respublikamızda bu qədər yarış olmurdu. Əvvəla, həmin yarışları keçirmək üçün münasib infrastrukturun olması vacib idi. SSRİ-nin dağılmasından sonra isə bu problem bütün respublikalarda var idi. Digər tərəfdən, xarici idmançıların qəbulu və yerləşdirilməsi də vacib şərtlərdən idi. Müstəqilliyimizin ilk illərində bunu da həyata keçirmək əsas problemlərdən sayılırdı. Çünki SSRİ-dənqalma mehmanxanalar beynəlxalq standartlara cavab vermirdi, yeniləri isə hələlik inşa edilməmişdi.
Belə çətin şəraitdə beynəlxalq turnirlərin təşkili və qurumlardan yüksək qiymət almaq ölkəmizin nüfuzunun artırılmasında xüsusi rol oynayırdı. Heydər Əliyev də bunu çox gözəl anladığından idman tədbirlərinin təşkilinə ciddi diqqət yetirirdi.
Müstəqilliyimizin ilk beynəlxalq turniri AİBA prezidenti Ənvər Çoudri adına boks yarışı olub. Həmin turnir ilk dəfə 1996-cı ildə təşkil edilib və yüksək səviyyədə keçirildiyinə görə ənənəvi hal alıb. Növbəti ildə isə ilk dəfə olaraq ölkəmizdə dünya çempionatı baş tutub. Beynəlxalq Dama Federasiyası ən güclüləri müəyyənləşdirən turniri məhz ölkəmizə həvalə edib.
Belə tədbirlərin yüksək səviyyədə təşkilinin əks-sədası digər federasiyalara da yayılıb. Nəticədə onlar Azərbaycanı öz tərəfdaşları və etibar ediləsi bir ölkə kimi qəbul ediblər. Bunun da nəticəsində turnirlər daha rəngarəng olmağa başlayıb. 1998-ci ildə sambo üzrə Avropa çempionatı ölkəmizdə keçirilən ilk qitə turniri olub. Növbəti ildə Azərbaycan “Master-Ralli”, boks üzrə Avropa birinciliyi, futbol üzrə 18 yaşlılardan ibarət Avropa seçmə mərhələsinə ev sahibliyi edib.
Sadaladığımız turnirlərdən əlavə, beynəlxalq idman məmurları da tədricən ölkəmizə səfər etməyə başlayıblar. Paytaxtımızda bir sıra konqreslər təşkil edilib. Bu mənada 2001-ci il xüsusilə seçilib. Belə ki, həmin ildə Avropa Olimpiya Komitəsinin əvvəlcə Texniki Komissiyasının, ardınca isə İcraiyyə Komitəsinin iclasları, Avropa Şahmat İttifaqları Prezidentlər Şurasının iclasının keçirildiyi məkan Bakı şəhəri olub. Bunlarla bərabər, ölkəmiz üçün 2021-ci il yeniyetmə boksçuların dünya çempionatı ilə də əlamətdar olub.

Həmin ilə qədər turnirlərin əksəriyyəti yeniyetmə və gənclər arasında və yaxud da qeyri-Olimpiya idman növlərindən idi. 2002-ci ildə isə bu sahədə də irəliyə addım atıldı. İlk dəfə olaraq Olimpiya idman növü üzrə yarış baş tutdu. Sərbəst güləş üzrə Avropa çempionatı məhz Bakıda keçirildi. Bu əlamətdar hadisə ilə bərabər, həmin il voleybol üzrə Avropa Top-Komandalarının kubokunun, şahmat üzrə 20 yaşa qədər Avropa çempionatının, həndbol üzrə “Challenge Trophy”, sürətli dama üzrə beynəlxalq turnirin təşkilini də qeyd etmək lazımdır.
Sadaladığımız turnirlərdən əlavə, ölkəmiqyaslı yarışların da keçirilməsi idmanın kütləviliyinin artmasına gətirib çıxarırdı. Məhz bu amillər qarşıdakı illərdə öz bəhrəsini verdi. Olimpiya oyunlarında qazanılan uğurlar artmağa başladı.
(IV yazı ilə bu linkdən tanış ola bilərsiz)
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar