Müharibədi, futbol ikinci plandadı. İndi məşqçiləri futbolçularının meydanda nə etdiyindən çox cəbhədə əsgərlərin nə qədər irəlilədiyi maraqlandırır. Elə futbolçuların da ürəyi Qarabağdadı – nə məşqlərə, nə də oynlara köklənmək olmur. Klub rəhbərləri isə oyunların təşkili zamanı əsgərlərə, milli birliyə dəstəyin nümayiş etdirilməsi üçün müəyyən addım atırlar.

Lakin həyat öz axarındadı. Elə milli ordumuzun qəhrəmanlığı sayəsində Bakıda sakitlikdi, paytaxta toplaşmış Premyer Liqa iştirakçıları mübarizəni davam etdirir. Hər nə qədər oyunlara tam motivasiya olunmaq mümkün deyilsə də, komandalar xal ehtiyatını artırmağa çalışır.

6-cı tur da lider dəyişikliyi ilə əlamətdar oldu. “Sumqayıt” dünənədək zirvədə olan “Zirə”ni yenib hamıya yuxarıdan aşağı baxmağa başladı. Düzdü, itirilmiş xalların sayına görə “Qarabağ” da liderliyə şərikdi, lakin hələ ağdamlıların təxirə salınmış matçda qalib gəlməsi lazımdı.

Turun açılış matçında üz-üzə gələn “Səbail”lə “Keşlə”nin heç-heçəsi ədalətli nəticə sayılmalıdı. Qonaqlar daha üstün görünməsinə,daha çox qol vəziyyəti yaratmasına baxmayaraq, qələbə qazanmadı. Yunis Hüseynovun yetirmələri az top buraxmasına görə diqqət çəkir, lakin 6 oyunda cəmi 2 qələbə qazanılması yüksək yerlərə iddialı komandaya yaraşmır.

“Qarabağ”ın “Qəbələ” üzərində böyükhesablı qələbəsi gözlənilirdi. Ağdamlıların böyük üstünlüyünə baxmayaraq, rəqibin tam təslim edilməsi yalnız son dəqiqələrdə mümkün oldu. Qonaqların mübarizə əzmi alqışalayiqdi, bununla belə, zaman keçdikcə aşkar autsayderə çevrilmək yaxşı perspektiv vəd etmir. 2 dəfə darmadağın olan qonaqlar 4 heç-heçə müəllifidi – qələbəsiz…

“Neftçi” – “Sabah” oyunu hər iki komanda üçün vacib idi. Daha bir xal itkisi xüsusilə meydan sahiblərinin daxilini qarışdırardı. Lakin rəqib baş məşqçi buna imkan vermədi. Visente Qomesin mərkəzi görüşə 4 limit oyunçusu ilə çıxması, xüsusilə yarımmüdafiənin göbəyini təcrübəsiz gənclərə tapşırması “Neftçi”nin işini rahatlaşdırdı. Fasiləyədək çoxsaylı hücumlardan yalnız biri qolla nəticələndi və bu, sonda yekun nəticəyə çevrildi.

Fasilədə Yevgeni Koçukun meydana çıxması ilə oyununu axarı dəyişdi. Artıq oyuna qonaqlar diqtə edir, təhlükəli epizodlar yaradırdı. Bu dəyişiklik start heyətdə olsaydı, üstəlik, Coşqun Diniyev və ya başqa biri oynasaydı, “Neftçi”nin işi daha çətin olardı. Gənclərə güvənmək yaxşıdı, lakin ifrata varanda əsas hədəfdən – medallar uğrunda mübarizədən kənar qalmaq təhlükəsiylə üzləşirsən. Ardıcıl 3 məğlubiyyətin də səbəbi Qomesin heyətlə həddən artıq “oynaması”, qəribə qərarlar verməsidi. Klub rəhbərliyinin müdaxiləsi geciksə, dönüş yaratmaq mümkün olmasa, liderlər qrupu əlçatmaz olacaq. İspan məşqçinin istefadan danışmağa başlaması klubda nələrinsə doğru getməməsinə işarə sayılmalıdı.

“Neftçi”yə gəlincə, bakılılar rəqibin imkan verdiyi qədər yaxşı oynadı. Fasilədəki əvəzləmədən sonra mərkəzdə oyunu kilidlənən bakılılar əks-hücumlarda təhlükəli idi. Füzuli Məmmədov təşəbbüsü əldən verməmək üçün yeni transfer Bruno Teluşini oyuna atmaqla doğru qərar verdi. Belədə dayaq bölgəsi gücləndirildi, Mamadu Kanenin qırmızı vərəqəsi ilə son 15 dəqiqədə azlıqda qalarkən isə Mamadu Mbodj 5-ci müdafiəçi kimi forma geydi. Nəticənin əhəmiyyəti meydan sahiblərini hesabı qorumağa vadar etdiyindən bəzən rəqib daha fəal görünürdü. Qaliblər mühakimə edilmir, amma dünənki “Neftçi”ni favorit saymaq mümkün deyil.

Səfərdən ilk dəfə xalsız dönən “Zirə” ayılanda artıq “Sumqayıt” işi bitirmişdi. İlk yarını üstün keçirən meydan sahibləri fasilədən həmən sonra qələbə qolunu da vurmuşdu. Yalnız bundan sonra özünə gələn “qartallar”ın ardıcıl hücumları məntiqi sonluğa çatmayınca lider dəyişdi. Və “kimyaçılar” bu uğuru əsas qolçusu Əli Qurbaninin bərbad çıxış etdiyi matçda qazandı. Zədə aldıqdan sonra millidə də pis oynamış iranlı forvard hətta penaltini də boşa verdi. Lakin yoldaşları məhz komanda oyunu sayəsində qələbəyə nail oldu.

“Zirə”nin müdafiədə ciddi problemləri var. Zədəlilərin bolluğu üzündən baş məşqçi Rəşad Sadıqov rotasiyalara əl atmışdı. Gəl ki, sol cinah müdafiəçisi Şəhriyar Rəhimovun mərkəzə çəkilməsi dərdə dərman olmadı. Qismət Alıyevin transferindən sonra əsas heyət üzü görəcəyi şübhə doğuran futbolçu penaltiyə səbəbkar olması bir yana, oyun qurmaq baxımından da qüsurlu idi. Məşqçilər bəlkə də onu fasilədə əvəzləməkdənsə, ilk dəqiqələrdən Kərim Diniyevə güvənməliydi. Düzdü, Kərim son dəqiqələrdə qırmızı vərəqə almaqla işləri korladı, lakin meydanda olduğu müddətdə müdafiəyə inam gətirmişdi.

“Zirə”nin qapısına 2 dəqiqə içində təyin olunan 2 penaltinin də dəyərləndirilməsinə ehtiyac var. Baş hakim Rəhim Həsənovun qərəzli olduğunu düşünmürəm, lakin ən azı bir epizodda onun fərqli qərar verməsi mümkün idi. Nəticəni isə hakim səhvi yox, Tellur Mütəllimovun fantastik zərbəsi müəyyən etdi. Heyəti tamamilə yeniləmiş qonaqların komanda kimi formalaşması, bütünləşməsi üçün zamana ehtiyac duyduğu dəqiqdi.

Turnir cədvəlində maraqlı durum yaranıb. 2-3-cü pillələrin sahiblərinin top fərqində müsbət saldo yoxdu. Elə bu statistika da sübut edir ki, Premyer Liqada bugünkü düzülüş hər an dəyişə bilər. Komandalar arasında xal fərqi ikidən artıq deyil. Bununla belə, zaman keçdikcə daha sabit oynayanlar üst sıralarda qərarlaşmağa adət edir.

Vətən müharibəsi bitəndən sonra futbola daha çox vaxt ayıra biləcəyik. Yaşıl meydanda hər məğlubiyyətin təlafisi mümkündü, döyüş meydanında isə bütün düşüncəmiz qələbəyə bağlıdı.

FƏRİD

Shares: