AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Kəpəz” klubu 1500 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilib.

“Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilib.

“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Shares: