Hayfa “Makkabi”si Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah” önünə 3 mərkəz müdafiəçi ilə çıxacaq.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Barak Bakar təlim-məşq toplanışında komandanı 5-li müdafiə üzərində hazırlaşdırır.

Çalışdırıcı hazırda iki aparıcı mərkəz müdafiəçinin xidmətindən məhrumdur. Sean Qoldberq İsrailin olimpiya yığmasının heyətində Paris-2024 Yay Olimpiya Oyunlarında olacaq. Onun “Sabah”la matçları buraxacağı dəqiqdir. Abdulaye Sek isə şəxsi problemlərlə əlaqədar ölkəsi Seneqaldadır. Onun da “Sabah”la qarşılaşmaya qədər düşərgəyə qayıtması şübhə altındadır.

Belədə baş məşqçi Azərbaycan komandası önünə müdafiənin mərkəzində ehtiyat qüvvəyə şans verməli olacaq. Bunlar Rami Gerşon və Lorenzo Şimiçdir. “Sabah”la matçlarda “3-lü” müdafiənin digər üzvünün Daniel Sandqren olması gözlənilir. Çünki məşqçilər korpusu məşqlərdə onu mərkəzdə sınayır.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp