Eddi İsrafilov və Ataa Caberin gedişindən sonra yarımmüdafiəçi axtarışında olan “Neftçi” yaranan boşluğu “Trabzonspor”lu Murat Cem Akpınarla doldurmaq niyyətindədir.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 25 yaşlı orta sahə oyunçusunun keçidi üçün qarşı tərəfə təzminat ödəməyə hazırdır.

Məlumata görə, “ağ-qaralar” Azərbaycan vətəndaşlığı olan Akpınarın keçidi müqabilində Superliqa klubuna 500 min dollar təklif edib. “Bordo-mavililər”in baş məşqçisi Abullah Avcı ötən mövsümü icarə əsasında “Sakaryaspor”da keçirən futbolçunun komandada qalmasını istəmir. Ancaq “Antalyaspor”, “Kocaelispor” və “Bandırmaspor”un da marağını nəzərə alan Qara dəniz təmsilçisi Akpınarın satışından daha yüksək məbləğ qazanmaq fikrindədir. Trabzonlular konkret olaraq 750 min dollar tələb ediblər.

Qeyd edək ki, Murat Cem Akpınarın “Trabzonspor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, 2015-ci ildə Azərbaycanın U-17 millisinin formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp