Ölkə futbolu
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər

Ovusu Kvabena bəlkə də “Qarabağ”ın heyətində son matçına çıxdı. “Turan Tovuz”la Misli Premyer Liqasının 19-cu turunun səfər görüşünün 71-ci dəqiqəsindən forma geyən qanalı futbolçu transfer pəncərəsi bağlanmadan Ağdam klubunu tərk etmək istəyir.
25 yaşlı oyunçunun “Qarabağ”la mövsümün sonuna kimi müqaviləsi var. Lakin o, indidən “Ferentsvaroş”la 2 illik anlaşıb. Hücumçunun yayda düşərgəni azad agent kimi tərk etməsinə heç bir əngəl yoxdur.
“Ferentsvaroş” ağdamlılara Kvabenanı indi buraxması üçün 250 min avro təklif edib. Ovusu da Macarıstana elə indi yola düşmək niyyətindədir. O, həm kluba pul qazandırmaq istəyir, həm də daha çox maaş alacağı çempionata can atır. Bu üzdən “Qarabağ”ın yeni müqavilə təklifindən imtina edib.
Bu variant “Qarabağ”a sərfəli görünür, amma baş məşqçi Qurban Qurbanov həm avrokubok matçlarını, həm də çempionatı düşünərək heyəti zəiflətmək istəmir. Yalnız qısa müddətdə yeni forvard transfer etmək mümkün olacağı təqdirdə Ovusuya getməyə icazə veriləcək. Klub rəhbərliyi fikri Macarıstanda olan oyunçunu saxlamağı məqsədəuyğun saymır, yuxarıda göstərdiyimiz səbəb üzündən dilemma qarşısında qalıblar.
Əslində, bombardirlik yarışına girən Ramil Şeydayev və Musa Qurbanlı varkən, Ovusunu bu şərtlərlə saxlamaq bəlkə də məqsədəuyğun deyil. Qərarı “Qarabağ” verəcək. Böyük ehtimalla planlaşdırılan yeni transfer tezliklə reallaşacaq və qanalı fevralı görmədən komandadan ayrılacaq.
