Avropada qitəmiqyaslı turnirlərin sayı 3-ə yüksəlincə, bizim kimi ölkələrin çempion olmayan komandalarının UEFA Avropa Liqasına gedən yolu bağlandı. Daha doğrusu, 2022/23 mövsümündən etibarən – UEFA Konfrans Liqasının icadından sonra qitənin ali futbol qurumu sərt üzünü kiçik ölkələrə göstərd. Bunu isə təbii ki, kiçik ölkələrin komandalarının böyüklərin əl-ayağına “dolaşmamasına görə” etdilər.

Bu addımı həm də sırf Avropa Liqasınının nüfuzunu artması üçün atdılar. Yəni, burada da Çempionlar Liqası kimi güclü komandalar çıxış edir. Amma zaman onu göstərdi ki, qitəmiqyaslı turnirlərin mükafat fondu artmırsa, bütün reqlament və formalar imitasiyadır. Bununla Avropanın nəhəng ölkələrinin komandalarının qəlbini ovlaya bilməzsən. Nəticədə UEFA təşkilatçısı olduğu 3 turnirin formatını dəyişdi.

İslahatlar nəticəsində bizim kimi ölkələrdə kuboku qazanan komandaların da Avropa Liqasına yolu açıldı. Ona görə yeni mövsümdən təkcə çempionumuz Avropa Liqasına mümkün eniş edəcəyi kimi, birbaşa kubokun qalibi də ora yüksələ bilər.

Bu mənada ilk şərəfli missiya “Zirə”nin payına düşdü. Rəşad Sadıqovun komandası Premyer Liqada ikinci yerin sahibi olduğuna görə bu imkanı qazandı. “Zirə” ikinci yeri tutmasaydı, Avropa Liqasına yollanmaq üçün mütləq ölkə kubokunu qazanmalı idi. Çünki “Qarabağ” bu turnirin də qalibi olsaydı, Avropa Liqasının vəsiqəsini Preymer Liqanın gümüş mükafatçısına verəcəkdi.

Bəs, görəsən, “Zirə” ölkəmizi yeni formatda keçiriləcək Avropa Liqasında necə təmsil edəcək? Təbii ki, buradakı rəqiblər Konfrans Liqası ilə müqayisədə daha çətin olacaq. Amma burada oynamağın bir üstünlüyü var ki, komanda məğlub olacağı halda, Konfrans Liqasına yuvarlanacaq və irəliləmək üçün daha bir şans əldə edəcək.  Təbii ki, komandamızın qitənin ikinci dərəcəli klub turnirində daha çox irəliləməsini istəyirik ki, heç olmasa, ən pis halda Konfrans Liqasının qrupuna düşsün. Amma bu, gələcəyin işidir. İndiki məqamda bütün diqqətimizi I mərhələdə potensial rəqiblərə yönəltmək lazımdır.

Əvvəla onu qeyd edək ki, bu mərhələdə cəmi 12 komanda çıxış edəcək. Burada komandaların yarısı səpələnmiş, yarısı isə səpələnməmişlər sırasında olacaq. Təbii ki, reytinqinin aşağı olmasına görə “Zirə”  səpələnməmişlər sırasındadır.

Potensial rəqiblər:

“Şerif” (Moldova)

“Maribor” (Sloveniya)

“Tobol” (Qazaxıstan)

“Visla” (Krakov, Polşa)

“Pafos” (Kipr)

“Pakş” (Macarıstan)

Siyahını təhlil etməli olsaq, burada bir çox komandanın avrokubokarda “Zirə”dən daha təcrübəli olduğunu görərik. Avrokubok təcrübəsi bir kənara, onların 5-i bizim komandadan daha yaşlıdır və həmin klublar XX əsrdə yaradılıb.

Yalnız “Pafos” “Zirə” ilə yaşıddır. Hər iki klubun əsası 10 il əvvəl qoyulub.  Amma “qartallar”dan fərqli bu komanda indiyə qədər avrokuboklarda oynamayıb.  Sadəcə, bu klub yola saldığımız mövsüm tarixində ilk dəfə Kipr Kubokunu qazandığına görə belə bir şans əldə edib. Gəlin, qəbul edək ki, hazırkı mərhələdə “Zirə” üçün ən münasib rəqib də elə “Pafos”dur. Bu tamamilə pafossuz arzudur. Çünki təcrübəsiz rəqibi mübarizədən kənarlaşdırmaq daha asan olmalıdır.

TPA 6255 1 scaled 1 - Futbolinfo.az

Amma bu komanda heyətinə görə heç də zəif deyil. Baş məşqçiləri ispaniyalı mütəxəssis Xuan Karlos Karsedodur. “Valensiya”, Moskva “Spartak”ı, “Sevilya”, PSJ və “Arsenal”da Unay Emerinin köməkçisi olan bu şəxs müstəqil fəaliyyətə 2020-ci ildə “İvitsa” klubunda başlayıb, daha sonra “Saraqosa”da işlədikdən sonra Kiprə gəlib. “Pafos”la ilk mövsümündəcə Kipr kubokunu qazanıblar. Heyətlərində isə demək olar ki, dünyanın hər bucağından futbolçu var. “Neftçi”nin sabiq futbolçusu Mamadu Kane də oradadır.

Daha sonra münasib rəqib kimi “Tobol”un da adını çəkmək olar. 2010 və 2021-ci illərdə Qazaxıstan çempionu olan Kostanay klubu indiyə qədər avrokuboklarda 45 oyun keçirib. Hazırda bu komandanı serbiyalı mütəxəssis Miliç Çurçiç çalışdırır. Onun Livan, İran və Belarus kimi ölkələrdə məşqçilik təcrübəsi var, “Şaxtyor”da (Soliqorsk) Yuri Vernidubun köməkçisi olub. O, “Tobol”a gələn kimi komandaya Qazaxıstan Kubokunu qazandırıb.

“Tobol”un “Pafos” kimi legioneri çox deyil. Yerli oyunçuları yetərincədir. Amma 9 legioner də pis göstərici deyil. Hətta “Dnepr” əfsanəsi Yevgeni Şaxovun oğlu da burada oynayır.

Macarıstanın “Pakş” klubu da haradasa münasib rəqib sayıla bilər. Bu klub heç vaxt Macarıstan çempionu olmasa da, 2010/11 mövsümünü 2-ci sırada başa vurub. Amma 2006/07 mövsümündə elitaya yüksələndən bəri heç vaxt oranı tərk etməyib. Bu mövsüm isə tarixində ilk dəfə ölkə kubokunun qalibi olublar. Təcrübə amilinə görə də “Zirə”dən üstün deyillər. Sonuncu dəfə 12 il əvvəl avrokuboklarda oynayıblar və debüt mövsümlərində 2 mərhələ adlayıblar (Andorranın “Santa Koloma” və Norveçin “Molde” klubunu keçib 3-cü mərhələdə Şotlandiyanın “Harts” komandası ilə bacarmayıblar).

İndiki dövrə gəlincə, heyətdə 1 nəfər də olsun legioner yoxdur. Bu, haradasa “Zirə”nin işinə yaraya bilər. Baş məşqçiləri Györgi Boqnar isə ölkədə “Ferentsvaroş”dan başqa demək olar ki, digər köklü klubları çalışdırıb.

Hər halda, “Visla”nı “Zirə”yə arzulamaq olar. Bu komanda 2021/22 mövsümündən yüksək liqanı tərk etsə də, hələ də geriyə qayıda bilməyib. Amma buna baxmayaraq, Polşa Kubokunda finala çıxmağı bacarıb. Həlledici görüşün gedişində “Poqon”a 0:1 hesabı ilə geridə olduqlarına baxmayaraq əlavə olunmuş dəqiqələrdə iki qol vuraraq kubokun qalibi oldular. Qəribədir, elitada oynamayacaqları halda, Avropa Liqasında mübarizə aparacaqlar. Ötən mövsüm Polşa I Liqasında 7-ci yeri tutan “Visla”nın yeni “futbol ili”ndə hədəfi elitaya qayıtmaq olacaq. Hazırda “Visla”nı ispaniyalı mütəxəssis Albert Rude çalışdırır. 36 yaşlı mütəxəssisin elə də zəngin məşqçilik karyerası yoxdur. Daha çox Meksika və ABŞ-da köməkçi məşqçi kimi çalışıb. Hazırda bu komandada diqqət çəkən məqam onun heyətində 9 ispaniyalı futbolçunun top qovmasıdır.

“Maribor”a gəlincə, bu komanda ilə də dəfələrlə qarşılaşmışıq. Son mövsümdə “Çelye”dən 12 xal geridə qaldıqlarına görə azarkeşlərini məyus etdilər. Amma Avropa Liqasına ölkə kubokunu qazanmalarına görə yox, ölkə çempionatını 2-ci yerdə bitirmələrinə görə yollanırlar. Baş məşqçiləri də əslən Maribordan olan Ante Şimundzadır. O, vaxtilə “Maribor” iki dəfə ölkə çempionu etməklə yanaşı, “Mura”ya da eyni sevinci yaşadıb. Üstəlik Bolqarıstanda “Ludoqorets”ə də belə sevinc bəxş edib.

“Maribor”un heyətinə nəzər salsaq, burada da xeyli ölkədən legioner görə bilərik.

Hə, son olaraq “Şerif”ə “sözü verək”. Ardıcıl 8 mövsümdən sonra tiraspollular ölkə çempionluğunu əldən verdi. Hazırda ukraynalı mütəxəssis Yuri Huranın başçılığı altında tiraspolluların elə də əzəmətli olduğunu söyləyə bilmərik. Amma heyət yenə də legionerlərlə zəngindir. Püşk “Zirə”ni onlarla üzləşdirsə, heç də asan olmayacaq. Hər halda, “Qarabağ” onların öhdəsindən gəlibsə, bunu “Zirə” də bacaracaq” deyə bilmərik.

9877030663faf3dcd561 - Futbolinfo.az

Yenə də bizə gözləmək qalır. Mövsüm bitəndən sonra bu komandaların hamısında dəyişiklik olacaq. Püşkatmadan sonra bu komandalardan birini daha da yaxından tanıyacaq və sizə tanıtdıracağıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp