2017/18, 2018/19 və 2020/21 mövsümlərində avrokuboklarda “Qarabağ”la qarşılaşan və hər dəfə də mübarizədən məğlub ayrılan “Şerif” növbəti dəfə ölkəmizə səfər edəcək. Amma bu dəfə Moldova klubu Ağdam təmsilçisi ilə yox, ölkəmizin başa çatan mövsümdə nəticələrinə görə ikinci ən yaxşı komandası olan “Zirə” ilə qarşılaşmaq üçün Bakıya gələcək.

Həmişə “Qarabağ”la oynayarkən öz ölkəsinin çempionu kimi “vizit vərəqi”ni təqdim edən tiraspollular ötən “futbol ili”ndə bu imtiyazdan məhrum oldu. Bəli, “Şerif” artıq Azərbaycana Moldova çempionu kimi gəlmir. Status nöqteyi-nəzərindən bu komanda “Zirə” ilə eyni çəkiyə malik olub desək, yanlışlığa yol vermərik. Məsələ ondadır ki, hər iki klub ötən mövsüm öz ölkəsində 2-ci yeri tutub. Sadəcə, “Zirə”dən fərqli “Şerif” ölkə kubokunun finalına qədər irəliləyə bilməyib. Bu komandanı yarımfinalda “Zimbru” saxlayıb.

Hər iki komanda kubokun qalibi olan çempionun hesabına Avropa Liqasına yollanıb. Bir sözlə, “Qarabağ” “Zirə”ni, “Petrokub” isə “Şerif”i daşıyıb. Bu nisbətdə “Zirə”nin “Şerif”lə müqayisədə daha sanballı mövsüm keçirdiyini söyləmək olar.  Amma “Şerif” “Zirə” ilə müqayisədə çempion olan rəqibinə daha layiqli müqavimət göstərib: Tiraspol klubu “Petrokub”dan 6 xal az toplayıb, “Zirə” isə “Qarabağ”dan 25 xal geriyə düşüb.

Üstəlik, “Şerif” həm avrokuboklarda, həm də öz ölkəsinin çempionatında dominant statusu var.  Hər halda, biz Moldova çempionatının 21 qat qalibindən danışırıq. “Zirə” isə ölkə çempionluğunun nə olduğunu bilmir. Avrokuboklarda təcrübədən ümumiyyətlə danışmağa dəyməz. Hər şey bir kənara, biz 2021-ci ildə  Çempionlar Liqasının qrup mərhələsində “Real”ı “Santyaqo Bernabeu”da məğlub edən komandadan danışırıq.

Bu komandanın tarixinə “Qarabağ”ın sayəsndə yaxından bələd olduğumuza görə eyni səhifələri vərəqləmək istəmirik. Sadəcə, onu təkrarlamağa özümüzə borc və şərəf bilirik ki, 1997-ci ildə aprelin 4-də Tiraspolda qurulan bu komandanın inkişaf modelini cızan şəxslərdən biri, bəlkə də birincisi Əhməd Ələsgərov olub. Məhz onun başçılığı altında yola çıxan bu komanda zaman ötdükcə güclənərək Moldovanın ən nəhəng komandasına çevrilib. Hətta  Avropa məkanında postsovet komandaları arasında heç bir komanda öz çempionatında “Şerif” qədər dominantlıq etməyib.  Ona görə də bu komandanın ötən mövsümdəki uğursuzluğu bir qədər qəribə görünə bilər.

Əslində, bu komandanın uğursuzluğunun əsas səbəbləri rəhbərlik, məşqçi və oyunçularla bağlı olsa da, “Şerif”in müəyyən mənada geriləməsinin siyasi səbəbləri də var. Məlum olduğu kimi, son illər Moldovada hakimiyyətdə Avropaya meyilli olan Maya Sandudur. Onun Rusiyaya qarşı kəskin çıxışıları Dnesteryanı bölgənin iqtisai vəziyyətinə mənfi təsir göstərir. Tiraspol da bu bölgənin əsas mərkəzidir.  Ona görə “Şerif” rəhbərliyi yerli hakimiyyətdən lazım olan dəstəyi görmədiyinə, daha doğrusu, regionun iqtisadi potensialının güclənməsi ilə bağlı problem yaşanmasına görə komanda geriləməyə başlayıb.

Ölkədə dominantlıq etmək üçün isə maliyyə imkanların möhkəm olmalıdır. Bütün bunlar da Tiraspol klubunun çıxışına haradasa təsir göstərdi. Üstəlik, Moldova millisindən ayrıldıqdan sonra Roberto Bordinin “Şerif”ə qayıtması da bir nəticə vermədi. Onun komandanı toparlaya bilməməsindən sonra rəhbərlik 47 yaşlı ukraynalı Yuri Quraya şans verdi. Bununla da, Yuri Vernidubun yaratdığı mühiti canlandırmaq fikrinə düşdülər. Onun gəlişi də ciddi dəyişikliklərə gətirib çıxartmadı. Uzun illər “Aleksandriya”da köməkçi məşqçi kimi çalışan Qura daha sonra 1 il əsas söz sahibi kimi iş başına keçdi. Amma 2022-ci ildə “Aleksandriya”dan göndərilən Qura 2 il müddətinə işsiz qaldı. Belə bir vəziyyətdə onun “Şerif”ə gətirilməsi riskli alındı. Göründüyü kimi, o da bu komandanı çempion edə bilmədi. Hətta mövsümün sonunda keçirilən mətbuat konfransında Qura jurnalistlərin ona ünvanladığı problemlərlə bağlı suala cavab vermək istəməmişdi. O, böhranın keçmişdə qaldığını və yeni mövsümdə toparlanmalı olduqlarını dilə gətirmişdi. Hətta moldovalı media nümayəndələri ona “heyətin dəyişiləcəyini söyləmişdiz, sözününüzün üstündə duracaqsızmı” replikası “Şerif”in hansı vəziyyətdə olmasından xəbər verir.

Görününən odur ki, “Şerif” yenə mövsüm öncəsi heyəti yalnız bir oyunçu ilə gücləndirib. Söhbət Avstriyanın I Divizion komandası “Austria Lüstenau” komandasının braziliyalı müdafiəçisi Mateus Gilyerme Linsdən gedir.

Heyətə geniş diqqət ayırsaq, komandanın qətiyyən Moldova klubu olduğunu düşünmək olmaz. Onsuz da “Şerif” həmişə legionerlərin hesabına öz adından söz etdirib. Elə indi də özünü sübut etmək istəyən “ucuz işçi qüvvələri” ilə qabağa getmək istəyirlər. Təsəvvür edin ki, bu komandanın 30 oyunçusundan cəmi 4-ü moldovandır.

Təbii ki, “Zirə” ilə oyun ərəfəsində bu komandanı “A-dan Z-yə qədər” təhlil edəcək və hansı taktikayla oynayadığını diqqətinizə çatdıracağıq. Qısaca olaraq onu qeyd edək ki, hazırda bu komandanın ən təhlükəli oyunçusu Burkino Faso millisinin hücumçusu Sedrik Badolodur. O ötən mövsüm Moldova çempionatında 7 top vurub. Əsasən Polşa çempionatında ad çıxaran 34 yaşlı pleymeyker Rikardinyo da bu komandanın təhlükəli oyunçularından sayılır. Kabo verdeli Joao Paolo Fernandes də yarımmüdafiə xəttinin onurğa sütunlarındandır. Gözləyək, görək oyuna qədər “Şerif”də nələr dəyişəcək?

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp