“Qarabağ” daha bir ayrılığa hazırlaşır. Transfer pəncərəsi bağlanana kimi Luka Quqeşaşvilinin Ağdam klubunu tərk etməsi gözlənilir.

Futbolinfo.az xəbər verir ki, Andrey Lunyovun transfer edilməsindən sonra gürcü qapıçı başqa kluba keçməsi üçün icazə verilməsini istəyib. O, həm klub rəhbərliyinə, həm də baş məşqçi Qurban Qurbanova müraciət edib. Bir neçə təklifi olduğunu deyən Gürcüstan millisinin üzvü transfer pəncərəsi bağlanana kimi mövcud müqaviləsinə xitam verilməsini xahiş edib.

2022-ci ilin yanvarında Polşa “Yagelloniya”sından icarəyə götürülən, 6 ay sonra birdəfəlik transfer edilən Quqeşaşvilinin mövcud müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. O, “Qarabağ”ın onu sərbəst buraxacağına ümid edir.

Xatırladaq ki, Lunyovun gəlişindən sonra Şahruddin Məhəmmədəliyev və Amin Ramazanovla birlikdə “Qarabağ”ın əsas heyətdə oynamağa layiq 4 qapıçısı var. Lakin 24 yaşlı Luka daha ehtiyatda qalmaq istəmir. Şahruddinin ardıcıl səhvlərindən sonra da ona güvənilməməsi, əvəzində yeni legioner qapıçı alınması Quqeşaşvilinin qərarını qətiləşdirməsinə səbəb olub.

Bu həftə Avropa Liqasının pley-off matçında heyətdə yer alan Lukaya dəqiq cavab verilməyib. “Qarabağ”ın məşqçiləri Lunyovun komandaya necə uyğunlaşacağını bilmədiyindən gözləmə mövqeyindədir.

Shares: