Bu yay “Qarabağ”ın heyətində xeyli dəyişiklik gözlənilir. Komandanın liderlərindən olan Abdullah Zubirin ağdamlıların heyətinə qoşulmaması onunla yolların ayrılması məsələsini aktuallaşdırıb.

Yeni müqavilə imzalamaqdan boyun qaçıran fransalı digər təkliflər üzrəində baş sındırır. Şotlandiya, Fransa və Türkiyədən dəvəti olan Mərakeş əsilli hücumçunun “Hatayspor”a yollanmaq ehtimalı böyükdür. O, 6 il oynadığı “Qarabağ”ı məhz daha yaxşı maliyyə şərtləri üzündən tərk etmək istəyir. Ağdamlılar 32 yaşlı cinah hücumçusunu itirməmək üçün ona mümkün olan ən yaxşı təklifi edib. Amma yekun qərarı Zubir verməlidir.

“Qarabağ”ın Kadi Borgeslə bağlı planı da məlumdur. İlyarım öncə 5 milyon avro qarşılığında “Krasnodar”a satılan braziliyalı geri qayıtmaq istəyir. Ağdamlılar onun üçün 1-1,2 milyon avro xərcləməyin əleyhinə deyil. Rusiya təmsilçisi bu təklifə razılaşsa, qayıdış baş tutacaq. 28 yaşlı braziliyalı geri dönmək üçün şəxsi müqaviləsində müəyyən güzəştlərə də razıdır. Məsələ qarşıdakı həftədə yekunlaşmalıdır.

Adı “Qarabağ”la yanaşı hallanan Aleksey Kaşuk isə ölkəmizə qayıtmayacaq. Vaxtilə “Sabah”da oynamış ukraynalının transferi bir müddət öncə gündəmdə olub, lakin o, başqa variantlara üstünlük verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp