Ukraynada davam edən müharibə idmançıların da taleyinə təsir edib. Rusiya və Belarusdan olanlar qadağalar üzündən dünya idmanından təcrid olunubsa, ukraynalıların problemi başqadır.

Belə ki, qaydaya görə, Ukraynada hərbi vəziyyət tətbiq edildikdən sonra 18-60 yaşlı vətəndaşlar ölkəni tərk edə bilməz. Xüsusilə kişilərin vətəni tərk etməsi müşküldür. Düzdür, xüsusi hallar var və bəzi güzəştlər tətbiq edilir, amma bunun üçün əziyyət çəkmək lazımdır.

Xatırlayırsızsa, “Neftçi” Yuri Vernidubu baş məşqçi təyin etmək üçün ötən il çox çalışdı. Ancaq təcrübəli mütəxəssis üçün icazə almaq mümkün olmadı.

Bu dəfə isə bakılılar onun həmyerlisi olan Roman Qriqorçuku hiyləylə Bakıya gətirə bildi. Təcrübəli mütəxəssis Bakıda tədbirdə iştirak etmək adı ilə qısamüddətli icazə aldı. Daha sonra isə ölkəmizə gəlmişkən, onunla müqavilə bağlandı.

Bəlkə də diqqətinizdən qaçıb, lakin “Neftçi” Qriqorçukun təyinatını açıqlayarkən “xüsusi” cümlələrdən istifadə etmişdi: “Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb”.

Bu cümlələr özünüsığorta manevridir. Guya ki, Romanı Ukraynadan bizimkilər gətrməyb, o, Bakıda hansısa tədbirə gəlib və fürsətdən istifadə edərək işbirliyini reallaşdırıblar. Əslində, belə tədbir həqiqətən olub, amma “Neftçi” ilə müqaviləni razılaşdırmasaydı, Qriqorçuk heç vaxt həmin tədbirə qatılmazdı. Hiylə ilə səbəb yaradıb problemin həllinə nail oldular.

Hazırda Qriqorçukun 59 yaşı var və Ukraynanı tərk etməsi qadağan idi. Onu qaçqın və ya fərari adlandırmağın nə dərəcədə doğru olacağını bilmirik. Amma “Neftçi”nin baş məşqçisinin hansısa yolla müharibədən yayındığı dəqiqdir. İllik 300 min dollar maaş üçün…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp