“Neftçi”nin rumıniyalı sabiq baş məşqçisi Laurentsiu Regekampfın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycandan getdikdən sonra bizim liqanı və sabiq komandanız “Neftçi”ni izləyirsiz?

– Əlbəttə. “Neftçi”nin bütün oyunlarına baxıram. Daimi olaraq onları izləyirəm. “Neftçi” mənim ürəyimdədir, Azərbaycan da həmçinin. Orada xoş xatirələrim var.

– Amma bu mövsüm “Neftçi” uğursuz oldu. Sizcə, bunun səbəbi nədir?

– Məncə, Bakı klubu hazırda keçid dövrünü yaşayır. “Neftçi” böyük ənənəyə malik böyük klubdur. İndi klubun idarəçiliyinə yaxşı insanlar gəlib. Güclü oyunçular almağa və “Qarabağ”la rəqabətə büdcə var. Lakin bunları tam komplektləşdirəcək kiməsə ehtiyac var.

– Komanda hazırda baş məşqçisizdir. Azarkeşlər isə komandadan narazıdırlar…

– Azarkeşlər haqlıdırlar, onların qəzəblənməyə haqqı var. Çünki tərəfdarlar klubu sevirlər, nəticənin yaxşı olmasını istəyirlər. Bu, onlar üçün vacibdir. “Neftçi” çempionluq üçün oynayan komandadır. Rəhbərlik şübhəsiz ki, düzgün məşqçini gətirməyə çalışacaq. Bu vəziyyəti idarə edə biləcək, çempionluq yollarını tapa biləcək çalışdırıcıya ehtiyac var. Ümid edirəm ki, doğru şeylər baş verəcək.

– İstər Adian Mutu baş məşqçi olduğu zaman, istərsə də Miodraq Bojoviçin zamanında belə fikirlər var idi ki, bu məşqçilərin əlindəki heyət sizdə olsaydı, daha uğurlu olardız…

– Mən nə edə biləcəyimi hər zaman bilirəm. Bu cür vəziyyətləri idarə etmək üçün təcrübəm və biliyim var. Məşqçi heyətim də peşəkardır, hamısı yüksək ixitsaslı mütəxəssislərdir. Onların hamısının Pro lisenziyası var.

– Amma söhbət futbolçu heyətindən gedir. Əgər hazırki büdcə olsaydı, daha çox uğur qazana bilərdiniz?

– Situasiyanı bilirəm. Mən peşəkaram və heç nəyi müqayisə etmək istəmirəm. “Neftçi”nin bir parçası olduğum üçün, bu ailənin üzvü olduğum üçün şanslıyam. Ümid edirəm ki, bir gün ora geri qayıtmaq şansım olacaq və mən öz missiyamı tamamlayacam. “Neftçi”ni çempion etmək istəyərəm.

FƏRİD

Shares: