“Kəpəz”dən ayrılan portuqaliyalı qapıçı İqor Rodriqesin futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsüm başa çatan kimi aparıcı futbolçuların çoxu “Kəpəz”dən ayrıldı, onlardan biri də siz oldunuz. Ayrılığın səbəbi maliyyə ilə bağlıdır?

– Həqiqətən də, xeyli sayda aparıcı oyunçu komandadan getdi. Konkret mənim ayrılığıma gəlincə, qalmağımı istəsələr də, rəhbərliklə razılığa gələ bilmədik. Həm maddi, həm də peşəkarlıq baxımından daha sərfəli təkliflərim olduğu üçün “Kəpəz”i tərk etmək məcburiyyətində qaldım.

– Karyeranızı hansı ölkədə davam etdirəcəksiniz? Portuqaliyaya qayıtmağı düşünürsünüz?

– Tezliklə yeni klubumun adı rəsmiləşəcək. Növbəti mövsümü harada keçirəcəyim yaxın günlərdə rəsmən açıqlanacaq. İndidən ad çəkmək istəmirəm. Amma onu deyə bilərəm ki, Portuqaliyaya qayıtmıram.

– Azərbaycanın digər klublarından sizə təklif göndərən olmadı?

– Azərbaycan Premyer Liqasında çıxış edən bir neçə klubun məni heyətində görmək istəyindən xəbərdaram. Sadəcə, onlardan rəsmi təklif gözləməyə vaxtım yox idi, yeni klubumla tez bir zamanda müqavilə bağlamaq istəyirdim.

– Əksər aparıcı futbolçusunun gedişindən sonra “Kəpəz”in növbəti mövsümdə yaxşı nəticəyə imza atmaq şansı varmı?

– Şəxsim fikrim belədir ki, xeyli sayda futbolçunun gedişinə baxmayaraq, “Kəpəz”in onların yerini doldurmaq, qalan oyunçular və yeni gələnlər üçün yaxşı şərait qurmaq potensialı var. “Kəpəz”də işləməyi bacaran və fədakarlıq göstərən şəxslər var. Üstəlik, klub güclü azarkeş dəstəyinə malikdir. Bu mənada, “Kəpəz”in növbəti mövsümdə yaxşı nəticələrə imza atacağını düşünürəm.

– Azərbaycandakı karyeranızı necə dəyərləndirirsiniz? Sizcə, ölkəmizdə potensialınızı maksimum dərəcədə göstərə bildiniz?

– Azərbaycanda yaxşı mövsüm keçirdim. Kluba gəldim və öz missiyamı yerinə yetirdim. Komanda çempionatda qalmaq uğrunda oynayırdı, bu baxımdan qapıda soyuqqanlı çıxış etməliydim. Bunu bacardığımı, stabilliyi qoruduğumu düşünürəm. Həqiqətən də, inamlı çıxış etdim. Fərdi mənada karyeramın ən uğurlu mövsümlərindən biri idi.

– Azərbaycanda hansı hücumçuya qarşı daha çox çətinlik yaşadınız?

– Konkret ad çəkmək çətindir. Çünki Azərbaycan Premyer Liqasının bütün komandalarında yaxşı hücumçular çıxış edir.

– Azərbaycan Premyer Liqasının ən güclü qapıçısı kimdir?

– Qapıçıların işini asanlıqla qiymətləndirmək mümkün deyil. Bizim çıxışımız bir çox məqamdan asılıdır. Buna oyun taktikası, məşqçinin futbol fəlsəfəsi, müdafiə xəttinin performansı aiddir. Aydın məsələdir ki, hər mövsüm fantastik göstəricilərə malik qapıçılar olur. Amma bunda komandanın çıxışı böyük rol oynayır. Bu mənada, konkret ad çəkə bilmərəm. Ancaq onu deyim ki, Azərbaycan çempionatında yaxşı qapıçılar var.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp