“Neftçi”nin sabiq futbolçusu Branimir Subaşiç komandanın cari mövsümdəki çıxışını dəyərləndirib.
Serbiyalı keçmiş hücumçu futbolinfo.az saytına açıqlamasında “ağ-qaralar”ın nəticələrini baş məşqçi Miodraq Bojoviçlə əlaqələndirməyib.
Onun fikrincə, monteneqrolu mütəxəssis mövsümün gedişində kollektivi qəbul etdiyindən, mümkün uğursuzluq onun günahı olmayacaq: “Neftçi”nin Premyer Liqada çempionluğa iddia etməməsi Bojoviçdən qaynaqlanmır. Çünki o, mövsümün gedişində komandanı qəbul edib. Bojoviçin karyerası göz önündədir. O, istər “Srvena Zvezda”da, istərsə də Rusiya klublarında yaxşı işlər görməyi bacarıb. “Neftçi”də isə öz heyətini qurması üçün ona vaxt vermək lazımdır. Yay transfer dönəmində istədiyi oyunçuları heyətə cəlb etsin, gələn mövsümdəki nəticələrə əsasən işinə qiymət verilsin. Təcrübəli mütəxəssisdir, komandanı əvvəlki əzəmətinə qaytara bilər. Sadəcə, səbirli olmaq lazımdır”.
42 yaşlı mütəxəssis Bojoviçə şans verməyin vacib olduğunu düşünür: “Neftçi”ni çox sevirəm və uğur qazanmasını arzulayıram. Bojoviç də tanıdığım mütəxəssisdir. Komanda onun rəhbərliyi altında yaxın gələcəkdə uğur qazana bilər. “Neftçi” Premyer Liqada sona iki tur qalmış avrokuboklar uğrunda mübarizəni davam etdirir. Komanda avrokuboklara vəsiqə qazansa, Bojoviçi uğursuz saymaq olmaz. Etiraf edək ki, bu gün Azərbaycanda nəinki “Neftçi”, heç bir komanda “Qarabağ”la rəqabət apara bilməz”.
Subaşiçin fikrincə, komanda avrokuboklara vəsiqə qazana bilsə, növbəti mövsüm üçün güclü heyət yığmaqda çətinlik çəkməz: “Neftçi” üçün çıxış yolunu baş məşqçiyə sona qədər etimad göstərməkdə və heyəti gücləndirməkdə görürəm. Üstəlik, yerli gəncləri də üzə çıxarmaq vacibdir. Tez-tez məşqçi dəyişməklə uğurlu nəticə əldə edə bilməzsən. Fikrimcə, komanda bu mövsüm avrokuboklara vəsiqə qazana bilsə, yaxşı oyunçularla transfer danışığı zamanı da əli güclənmiş olacaq. Bunun üçün də mövsümü ilk “üçlük”də başa vurmaq şərtdir”.
Qeyd edək ki, Branimiz Subaşiç 2005-2008-ci illərdə “Neftçi”nin formasını geyinib. Azərbaycan millisində də çıxış etmiş sabiq forvard, həmçinin “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da da oynayıb.