“Qəbələ”nin kapitanı Ürfan Abbasovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 34-cü turunda “Sabah” üzərində 2:0 hesablı qələbə qazandınız. Oyunla bağlı fikirləriniz necədir?
– Matçı komanda şəklində yaxşı keçirdik. Əvvəlki oyunlarımızdan fərqli olaraq, bu görüşdə ələ düşən fürsətlərdən istifadə edə bildik. Buna görə də “Sabah”a qalib gəlməyi bacardıq.
– Maraqlıdır ki, çempionatda sonuncu pilləni tutacağınız dəqiqləşəndən sonra komanda daha inamlı oynamağa başlayıb. Son 2 turda qələbə qazanmağınız da bunu təsdiqləyir. Ardıcıl 2 qələbənizi nə ilə əlaqələndirərdiniz?
– Əvvəlki matçlarda da var gücümüzlə oynamışıq. Sadəcə, o biri oyunlarda bəxt üzümüzə gülməyib. Məsələn, “Neftçi”, “Kəpəz” və “Səbail” ilə görüşləri qeyd edərdim. Xal yığacağımız çox oyun var idi, təəssüf ki, həmin matçlardan məğlub ayrıldıq. Bəlkə də, o qələbələr olsaydı, indi bu yerlərdə olmazdıq. Komanda psixoloji cəhətdən artıq rahatdır. Ola bilər ki, üzərimizdə basqı yoxdur deyə, indi komanda daha rahat futbol oynayır.
– Premyer Liqanın növbəti mövsümündə komanda sayının artırılacağı haqda söz-söhbətlər gəzsə də, bu, həyata keçmədi. Bu isə o deməkdir ki, “Qəbələ” növbəti mövsümdə I Liqada çıxış edəcək. İki dəfə Avropa Liqasının qrup mərhələsində oynamış, əla infrastruktura malik klubun bu vəziyyətlə üzləşməsinin səbəbini nədə görürsünüz?
– Bu vəziyyətə düşməyimizin səbəbləri çoxdur. Ola bilsin, komanda şəklində pis oynadığımız matçlar da oldu. Amma bəxtimiz gətirməyən o qədər oyun oldu ki, həmin matçlarda qələbə qazansaydıq, indi başqa cür danışmağa imkan yaranardı.
– “Qəbələ”nin I Liqaya düşməsi bu liqaya əlavə rəng qatacaq. Bəs I Liqada oynamaq “Qəbələ”yə necə təsir edəcək?
– Əsas odur ki, kluba dəstək olsun. Mətbuatdan oxudum, AFFA müəyyən dərəcədə kömək edəcək. İnşallah, Premyer Liqaya yaxşı vəziyyətdə qayıdarıq. I Liqanın qalibi olacağımıza və yüksək dəstəyə dönəcəyimizə inanıram.
– Təcrübəli futbolçu olaraq, I Liqada da “Qəbələ”yə kömək edəcəksiniz, yoxsa yayda Premyer Liqa klublarından birinə keçmək fikrindəsiniz?
– Mövsümün sonuna hələ 2 tur var. Sözün düzü, bu oyunlardan sonra fikirləşəcəyəm. Nəyin necə olacağına son matçlardan sonra qərar verəcəyəm.
– Baş məşqçi Kaxaber Sxadadze son oyunlarda “Qəbələ” akademiyasının bir neçə üzvünə şans verdi. Eşqin Əhmədov, İbrahim Ramazanov və digərlərinin gələcəyini necə görürsünüz?
– “Qəbələ” akademiyasında həmişə istedadlı gənclər olub. İndi də görürük ki, cavanlara şans veriləndə onlar bu fürsətdən maksimum istifadə edirlər. Eşqin və İbrahim yaxşı potensiala malik gənclərdir. İnanıram ki, bundan sonra da öz üzərilərində işləyərək daha yaxşı yerlərə çata biləcəklər. O potensialı onlarda görürəm.
– Cari mövsümün son oyunlarında “Araz-Naxçıvan” və “Sumqayıt”la üz-üzə gələcəksiniz. Qələbə seriyasını bu matçlarda da davam etdirə biləcəksiniz?
– Biz peşəkar futbolçularıq, vəziyyətin bu cür olmasına baxmayaraq, öz işimizi görəcəyik. Həmişə olduğu kimi, yenə əlimizdən gələni edəcəyik. Biz hər oyuna qələbə üçün çıxmışıq. Təəssüf ki, alınmayanda alınmır, bu, futboldur. Amma bizim üçün əsas məqam öz işimizə maksimum dərəcədə düzgün yanaşmaqdır. Bu mənada, “Araz-Naxçıvan” və “Sumqayıt”la oyunlara da 3 xal üçün çıxacağıq.
FƏRİD