“Albaniyada hər şey çox yaxşıdır. Gəldiyim gündən komandaya kömək etməyə çalışıram. Burada getdikcə mənə qarşı olan münasibət daha da yaxşılaşır”. Bunu futbolinfo.az-a açıqlamasında Albaniyanın “Eqnatia” klubunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Vüsal İsgəndərli deyib.

Forvard Albaniya çempionatındakı çıxışından və son oyunda vurduğu qoldan danışıb: “Media da haqqımda yaxşı şeylər yazır. Amma alban dilini bilmədiyim üçün başa düşmürəm (gülür). Arada komanda yoldaşlarıma tərcümə etdirirəm. Çox şükür ki, yaxşı fikirdədirlər. Çətinliyim o oldu ki, ilk dəfə təlim-məşq toplanışı keçmədən bir komanda ilə çempionata start verdik. Bu, hardasa mənə təsir edir. Bəzən özüm bunu hiss edirəm. Təkliflər alıram? Albaniyada ən yaxşı 3 klubdan birindəyəm. Hər şey çox yaxşıdır. Başqa təkliflərlə isə menecerim maraqlanır. O da danışıqlar aparır. Amma buradan başqa liqaya keçmək üçün komandama pul ödənilməlidir”.

İsgəndərli Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-sı İsveçə, 19-u Belçikaya qarşı keçiriləcək oyunlar üçün çağırılacaq heyətə dəvət gözlədiyini gizlətməyib: “Dəvət hər zaman gözləyirəm. Başqa edə biləcək bir şey yoxdur. Meydana çıxıb öz oyunumu göstərməyə çalışıram. Dəvət olarsa, gəlib ölkəmi layiqincə təmsil etmək istəyərəm. Dəvət olmasa da, hər zaman komandanın qələbəsinə sevinəcəm”.

Shares: