Ölkə futbolu
Hacı Hacıyev Bakıda: O, iddialı klubumuzla anlaşa bilmədi (ÖZƏL)
Tanınan rusiyalı məşqçi Hacı Hacıyev dünən Bakıda …
Tanınan rusiyalı məşqçi Hacı Hacıyev dünən Bakıda olub. Futbolinfo.az xəbər verir ki, onun ölkəmizə gəlişinin səbəbi “Qəbələ” ilə danışıqlar aparmaq imiş.
Əsasən Rusiya klublarındakı işi ilə tanınan 68 yaşlı mütəxəssis baş məşqçi axtarışında olan təmsilçimizlə danışıqlarda istəyinə nail ola bilməyib. Belə ki, Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ” rəsmiləri ilə onun bir neçə məsələylə bağlı fikirləri üst-üstə düşməyib. İddialı komanda quruculuğunda fərqli fikirlərə üstünlük verən bizimkilər Hacıyevin Aleksandr Əliyev kimi ulduz, amma artıq yaşlanmış futbolçuların transferini tələb etməsindən sonra qərarını qətiləşdirib və rusiyalı ilə anlaşmaq mümkün olmayıb.
2002-ci ildə Yaponiyanın "Sanfreççe Xirosima" klubuna başçılıq etmiş "Professor" karyerası ərzində "Dinamo", "Anji" (Mahaçqala), "Spartak" (Leninqrad), "Saturn", "Volqa" komandalarını çalışdırıb. Hacıyev 1983-85-ci illərdə "Neftçi"də baş məşqçi vəzifəsini yerinə yetirib. Dağıstanlı mütəxəssis bir müddət Rusiya yığmasına da başçılıq edib. O, “Anji”dəki son dönəmində millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovla birgə çalışıb, eləcə də Mahir Şükürovun məşqçisi olub.
Beləliklə, Hacıyev “Qəbələ”də daha titullu və daha tanınan həmyerlisi Yuri Syominə xələf ola bilməyəcək. “Qəbələ” isə bu postu bolqar İvaylo Petevə həvalə etmək niyyətindədi və artıq bu barədə sizə məlumat vermişik. Sadəcə, onu əlavə edək ki, Kipr AEL-nin sabiq baş məşqçisi Bakıya gələsi olmayıb və onunla danışıqlar Avropada davam etdirilir. Onunla müqavilə bağlanması demək olar, həll olunmuş məsələdi. Son anda hər hansı gözlənilməzlik yaranarsa, “Qəbələ” yenidən daha öncə danışıq apardığı Roman Qriqorçukla növbəti dəfə təmasa keçəcək.