Ölkə futbolu
Mançesterə gedəcək beş azərbaycanlı uşaq (FOTOLAR)
“Mançester Yunayted” Yay Futbol Məktəbini mü…
“Mançester Yunayted” Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən uşaqlar sırasından Mançesterə səfər edəcək 5 azərbaycanlı uşağın adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Vəliəhd Səmədov, Zərrər Məmmədov, Əli Abbasov, Ramin Nəsirli və Duraxan Dövlətxanov "Mançester Yunayted" klubunun Mançester şəhərindəki Yay Futbol Məktəbində hazırlıq keçmək şansı qazanıb.
Bununla bağlı keçirilən yekun tədbirdə toplanışda iştirak edən uşaqların hər birinə xatirə medalı və sertifikat təqdim edilib.
Xatırladaq ki, Məktəbin seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Tovuz, Gəncə, Qax və Sumqayıt) təşkil edilib. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 2-6 iyun tarixlərində Bakıda, "Bakı" Futbol Klubunun bazasında “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilmiş təlim-məşq toplantılarında iştirak ediblər. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir. Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekhem, Pol Skoulz və Rayan Giggz kimi əfsanələri bəxş edib.
Ötənilki “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələri Azərbaycanın uşaq futbolunun işkişafına böyük töhfələr verdi. Bakıda keçirilən təlim-məşq toplanışından seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted” Futbol Akademiyası, eləcə də, “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdilər.
İştirakçılardan biri – Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəldi.