Müsahibə
Sağlam: "Azərbaycanda 6-7 yaxşı futbolçu tanıyıram"
Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Qazia…
Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Qaziantep BB" klubunun baş məşqçisi Nurullah Sağlamın futbolinfo.az saytına müsahibəsi
– "Qaziantep BB" ötən mövsüm Türkiyə PTT 1-ci liqasında o qədər də iddialı olmadı. Növbəti mövsüm üçün qarşınıza hansı hədəfləri qoyubsuz?
– Bizim ilk hədəfimiz qeyd-şərtsiz Super Liqaya vəsiqə qazanmaqdı. Bu istiqamətdə də komandamıza yeni futbolçular cəlb edirik. Bildiyiniz kimi, iki azərbaycanlı qardaşımızı da heyətimizə qatdıq. Onları özümüzdən biri kimi görürük. Azərbaycanla Türkiyə qardaş ölkələrdi. Buna görə də onlar da bizim qardaşımızdı. Bu yolda da onlarla birgə silahdaş olacağıq. Hesab edirəm ki, komandamızda azərbaycanlı futbolçuların olduğuna görə orada azarkeş kütləsi yarada biləcəyik. Azərbaycanlıların rəğbətini qazanmaq da bizi xoşbəxt edəcək.
– Təlim-məşq toplanışına nə vaxt start verəcəksiz?
– İyulun 10-dan bazamızda hazırlıqlara start verəcəyik. Həmin ayın 31-dən isə “Fənərbaxça”nın Düzcə yaylasındakı bazasında avqustun 15-dək hazırlıq keçəcəyik. Orada 6 yoxlama oyunu keçirməyi planlaşdırırıq.
– Bir neçə gün öncə azərbaycanlı futbolçu Rəhman Hacıyevi transfer etdiz. Bu futbolçunun hansı xüsusiyyəti sizi daha çox cəlb etdi?
– Onu qeyd edim ki, Rəhman gələcəyə yönəlik planlarımıza daxil olan futbolçulardan biridi. Xüsusiyyətinə gəldikdə isə, əvvəla, o, gəncdi. Onun çox sürətli futbolçu olması da bizi cəlb etdi. Oyunlarımızda onun bu cəhətindən istifadə etməyi düşünürük.
– Deyirsiz ki, Hacıyev gələcəyə yönəlik planlarınıza daxil olan futbolçulardan biridi. Amma onunla 1 illik müqavilə bağlamısız…
– Onun transfer hüququ bizdədi. 1 il bizimlə olacaq. Onun özünü necə göstərəcəyi çox önəmlidi. Hər şeydən əvvəl, onun Türkiyəni sevməsi önəmlidi. Əgər Rəhmanın çıxışı bizi tam olaraq qane etsə, yeni müqavilə imzalayıb, onu Türkiyə futboluna qazandırmaq istəyirik.
– Bəs Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovla bağlı hansı planlarınız var?
– Vaqif özünü sübut etmiş futbolçudu. O, Azərbaycanda çox sevilir. Biz də Vaqifi müəyyən qədər tanıyırıq və bizə çox kömək edəcəyinə inanırıq.
– Güclülər dəstəsinə vəsiqə qazansaz, həmin azərbaycanlı futbolçuları komandanızda saxlayacaqsız, yoxsa göndərəcəksiz? Çünki orada sizi daha çətin rəqiblər gözləyir…
– Xeyr, xeyr. Biz onlarla uzun müddət çalışmaq istəyirik.
– Təlim-məşq toplanışı zamanı yoxlama görüşləri də keçirəcəksiz. Həmin rəqiblər arasında Azərbaycan komandaları da varmı?
– Hazırda yoxlama görüşləri ilə bağlı planımız dəqiqləşməyib. Amma bizim orada bir dostumuz var və o, Azərbaycan klubları ilə danışıqlar aparır. Əgər eyni vaxtda yaxın yerlərdə toplanışda olsaq, Azərbaycan klubları ilə yoxlama oyunu təşkil etməyi planlaşdırırıq.
– Azərbaycanın iddialı klubları ilə qarşılaşmaq istəyirsiz?
– Hələ ki, bu barədə heç nə bilmirəm. Hazırda klub nümayəndəmiz orada danışıqlar aparır.
– Ümumiyyətlə, azərbaycanlı futbolçuları sizdə yerli statusunda oynadığı üçün alırsız, yoxsa necə?
– Azərbaycan futbolunda daha 6-7 yaxşı futbolçu tanıyıram. Son çempion "Qarabağ"ın qapıçısı İbrahim Sehiç mənim futbolçumdu. Ötən mövsüm "Mersin İdmanyurdu"nda işləyərkən onun sizin kluba keçməsində mənim də rolum oldu. Ondan əlavə, həmin klubun müdafiəçisi Bədavi Hüseynovu almağı çox istəyirdim. Razılaşa bilmədiyimiz üçün onu ala bilmədim. Amma hələ də onu almaq istəyirəm. Növbəti mövsüm də onu yaxından izləməyə davam edəcəm. Sizə hələlik onun adını deyim, amma Azərbaycanda izlədiyim digər futbolçular da var. Qismət olsa, növbəti mövsüm oraya gəlib, həmin futbolçuları stadiondan izləmək istəyirəm.
ELMAR VƏLİYEV