Müsahibə
Freddi Mombonqo: "Belə olmaz axı"
AZAL-ın konqolu futbolçusu Freddi Mombonqo Topaz Premyer Liqas…
AZAL-ın konqolu futbolçusu Freddi Mombonqo Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Neftçi" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan hücumçu səfərdəki 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
"Bəli, çətin oyun oldu. Amma bu oyunu biz çətinləşdirdik. Çünki səhvlər etdik. Hamı gördü ki, ötən tur "Simurq"a qarşı necə oynadıq, burada nə etdik. İnanılmaz fərdi səhvlər etdik. Elə bil ki, ötən oyundakı ilə eyni komanda deyildik. Düzdü, güclü komandaya qarşı oynadıq. Amma etdiyimiz səhvlər bizə problem yaratdı. Baxmayaraq ki, "Qəbələ" də çempionatın güclü komandalarındandı. Amma biz onları həm Premyer Liqada, həm də yoxlama matçında məğlub etmişdik. Həmin qarşılaşmada komanda şəklində vuruşduq. Bəli, razılaşıram ki, yeni komandayıq və bizə vaxt lazımdı. Amma bu məsələ vaxtla əlaqəli deyil ki. Biz fərdi səhvlər edirik, komanda şəklində deyil. Özünüz də gördüz ki, meydanda heç də pis çalışmadıq. Lakin həmin səhvlər yadıma düşəndə dəli oluram. Fərdi səhvlər edərək, özümüz özümüzə problemlər yaradırıq, rəqib yox".
O, müdafiədəki fərdi səhvlərin komanda oyununa çox pis təsir etdiyini bildirib: "Hər həftə kimsə arxa xətdə səhv edir və biz geriyə çəkilməli oluruq. Problem bax budu. Biz bütöv olmalıyıq, komanda şəklində hərəkət etməliyik. Bilirsiz, bu səhvləri danışmağa dilim gəlmir. Belə olmaz axı. Bir oyun normal çıxış edirik, növbəti dəfə çox pis görünürük. Səhvlər olanda da arxaya qaçırsan. Neçə kilometr qaçmaq olar? Yoruluruq axı. Belə olanda hücumda da iş görə bilmirik. Avropa Liqasına getmək istəyirik. Bəli, çox yaxşı hədəfdi, alqışlamaq lazımdı. Amma bunun üçün də hamı vuruşmalıdı. Baş məşqçimiz hər dəfə danışmaqdan, komandaya nəsə izah etməkdən yorulur. Çalışır ki, komandaya kömək etsin, komandanı yaxşılaşdırsın. Artıq biz də nəsə etməliyik".