"İnter"in qapıçısı Georgi Lomayanın futbolinfo.az saytına müsahibəsi
 
– Qarşıda ilk dövrədə məğlub olduğunuz "Simurq"la vacib oyun var. Komandanızın şanslarını necə dəyərləndirirsiz?
– Oyundan öncə hər iki komandanın şansı eynidi. Hər iki tərəf qələbə qazanmaq üçün oynayacaq. Biz ənənəvi şəkildə hazırlaşırıq. Bütün rəqiblərə qarşı olduğu kimi.
 
– Uzun müddət idi ehtiyatda otururduz. Buna səbəb nə idi?
– Etiraf edim ki, bunun səbəbini özüm də bilmirəm. Heyəti baş məşqçi qurur. Bunu o, daha yaxşı bilər. Yəqin ki, Səlahət Ağayev daha yaxşı formada idi. Futbolçu həyatı belədi. Hərdən oynayırsan, hərdən ehtiyatda oturursan.
 
– Onda belə çıxır ki, oynamadığınız müddətdə yaxşı formada deyildiz?
– Formada idim. Amma dediyim kimi, bunu məşqçi müəyyənləşdirir. Oyuna hamımız hazırlaşırıq. Kimə şans verilir, o da meydana çıxır. Məsələn, son 2 matçda yenə mənə etimad göstərdilər.
 
– Ehtiyatda qaldığınız üçün baş məşqçidən inciməmişdiz?
– Xeyr. Biz 5 ildi ki, "İnter"də birlikdəyik. Bundan öncə də bir yerdə oynamışıq.  İnsan inciyə bilər, amma, kin saxlamamalıdı.
 
– Artıq 34 yaşınız var. Daha neçə il futbol oynamaq istərdiz?
– Sağlamlığım və fiziki formam imkan verənə qədər. Nə qədər çox oynasam, o qədər yaxşıdı.
 
– "İnter"lə müqavilənizin müddəti nə zaman bitir?
– Bu mövsümün sonunda.
 
– Müqavilənizin müddətini uzatmaqla bağlı təklif olub?
– Hələ ki, yox. Məncə, bitənə yaxın təklif olmalıdı.
 
– Karyeranızı "İnter"də başa vurmaq istərdinizmi?
– Niyə də yox? Artıq 5 ildi ki, burdayam. Ölkəyə və çempionata çox öyrəşmişəm.
 
– Sizdən başqa komandada daha iki qapıçı var. Onlarla münasibətiniz necədi?
– Qapışılar öz aralarında dostluq edirlər. Biz də eləyik. Elşən Poladov da, Səlahət də yaxşı qapıçı olmaqlarından əlavə çox yaxşı insanlardı. Bu da mənim üçün əsasdı. Meydana hansımızın çıxmasından asılı olmayaraq, bir-birimizə daim dəstək oluruq.
 
– Sizinlə Elşənə nisbətən Səlahət çox gəncdi. Onun gələcək prespektivini necə görürsüz?
– O, çalışqan qapıçıdı. Hətta milli komandaya da dəvət alıb. Yaxşı məşq edib, üzərində işləməyə davam etsə, gələcəkdə millinin əvəzedilməz qapıçısı olacaq.
 
– Bu gün üçün "İnter" turnir cədvəlində 5-ci yerdədi. Necə düşünürsüz, komandanın avrokuboklara vəsiqə qazanmaq şansı varmı?
– Hələ bu haqda nəsə demək üçün tezdi. Turnir cədvəlində vəziyyəti dəyişə bilərik. Qarşıda çox oyunlarımız var. Bütün oyunlara çoxlu güc sərf edib, qalib gəlmək lazımdı.
 
– Bu yolda özünüzə əsas rəqib kimi hansı komandaları görürsüz?
– Bizim üçün çətin və ya asan rəqib anlayışı yoxdu. Hamısına eyni cür baxırıq. Çünki zəif saydığımız rəqibi dəyərləndirməsək, məğlub ola bilərik. Ona görə, hər kəsi ciddiyə alırıq.
 
KƏMALƏ İSMAYILOVA
Shares: