"Azərbaycanda oynamaq çətin idi. Ona görə ki, orada ingilis dilində danışa bilmirdilər. Ancaq Azərbaycan və rus dillərindən istifadə olunurdu. Onlar xarici futbolçulara qarşı çox soyuq idilər. "İnter"də oynamaqla boşuna vaxt itirdim. Ancaq özüm üçün bəzi şeyləri daha yaxşı dərk etmək imkanı qazandım. İsveçrədə hər şey çox müasir, təmiz və düzdü. Azərbaycanda isə işlər başqa cür dövr edir. Bəzən orda qaynar su tapa bilmirdin".
 
Bu sözləri ötən ilin yayında "Sürix"dən "İnter"ə böyük ümidlərlə transfer olunan Dominikan yığmasının isveçrəli futbolçusu Haynts Barmettler demişdi. Cəmi bir neçə gün öncə. O vaxt bu futbolçu paytaxt klubunda özünə yer tapa bilmədi. İndi üzə çıxır ki, bu adam heç Bakıda yaşamağa da düz əməlli-yer tapa bilməyibmiş. Hər halda bunu Barmettlerlə ötən gün keçmiş futbolçusuna cavab verən "İnter"in prezidenti Georgi Nikolovun "dialoq"undan hiss etmək olur.
 
"Sensassiya axtarışçıları sevinə bilər. Amma həqiqət tam başqa cürdü. Barmettler özü yeni tikili binada ev kirayələnməsini istəmişdi. Orada tez-tez təmir işləri aparılırdı. Suyun və işığın verilməsi dayandırılırdı. Yeni evdə yaşamaq üçün kiçik narahatlıqlara səbr etmək lazım idi. "Şəfa"da isə hər şey var idi. Hətta çay içmək üçün isti su belə".
 
İndi az qala bir-birinə düşmən kəsilən bu şəxslərin açıqlamalarını görəndə təəssüflənməmək olmur. Yəqin ki, çoxlarınıza hansısa əcnəbinin gedib xarici ölkə mətbuatında ölkəmizi, futbolumuzu, klublarımızı pisləməsi ləzzət etmir. Bu, bəzilərinizdə narahatlıq, qəzəb də doğura bilər. Amma şəxsən mən bu və Azərbaycana gəlib gedəndən sonra belə açıqlamalarıyla "persona non qrata"ya çevrilən digər futbolçularda heç bir günah görmürəm, onları qınamıram. Çünki ən azından onların tam da olmasa, müəyyən mənada haqlı olduqlarına əminəm. Bura gələndən sonra futbolumuzdakı eybəcərlikləri görən əcnəbi gedib bizi yalandan tərifləyəsi deyil ki. Bu, məsələnin "aşıq gördüyünü çağırar" tərəfi.
 
Keçək bu cür futbolçuları Azərbaycana gətirən, ölkənin onlara layiq olmadıqları pulunu yedizdirən klub başbilənlərimizə. Bir halda ki, burada söhbət "İnter"in sabiq oyunçusundan gedir, o zaman üzümü Nikolova tutub, bir neçə sual vermək istərdim. Prezidenti olduğunuz klub cəmi üç oyunda meydana çıxan, heç bir dövrə komandada qala bilməyən futbolçunu transfer edəndə, siz hara baxırdız? Bu yay da İspaniyadan Mikel Alvaro Salazarı heyətinizə qatdınız, bildiyim qədərilə heç bircə rəsmi oyuna çıxmadan onunla da yollarınızı ayırmısız. Onun da bir ara belə "od püskürəcəyindən" ehtiyatlanmırsız ki? Transfer, seleksiya siyasətində bu cür qeyri-peşəkarlıq, başdansovdu addımlar atanda nə vaxtsa belə "zibilə düşəcəyinizi" heç düşünmürsüzmü? Bu yay etdiyiniz transferlər az qala hər kəs tərəfindən tənqid olunur. Komandanın cari mövsümə yüngül formada desəm, çox bərbad başlamasının əsas və hətta deyərdim yeganə səbəbi elə qeyri-peşəkar transfer siyasətidi. Bütün bunlar nə vaxtsa sizə dərs olacaqmı?
 
Məni yalnış anlamağınızı istəmirəm. Sadəcə, "İnter"i hədəfə almağım digər klublarımızın aydan arı, sudan duru olması anlamına gəlməməlidi. Haqqında söhbət açdığım eybəcərliklər bütün klublarımızda var. Odu ki, bundan sonrakı fikirlərim bütün klublarımıza, onların başında oturan səriştəsiz futbol "mütəxəssis"lərinədi.
 
Artıq illərdi ki, oyunçu seçimində dünya futbolunda ən geridə qalmış klubların belə imtina etdiyi yollarla gedirsiz. Bu yolun sizi uçuruma apardığını dərk etməyin vaxtı deyilmi? Nə vaxta qədər hər yoldan keçənin, idman jurnalistlərinin, adı menecer olub, menecerliklə yaxından-uzaqdan əlaqəsi olmayanların sizlərə təklif etdiyi əcnəbiləri futbolumuza sırıyacaqsız? Başa düşürəm ki, futbolumuza, ölkəmizin nüfuzuna hörmətiniz yoxdu. Bəlkə, ən azından özünüzə hörmət edəsiz. O lazımsız əcnəbilərdən birinə verəcəyiniz pulu bu sahədə çalışan əməkdaşlarınızın xarici klublarda təcrübə keçməsinə sərf edin və görün ki, onlar hansı prinsiplərlə çalışırlar. Onda görəcəksiz ki, əsl peşəkar klublar bir futbolçunu transfer etmək üçün onu ən azı yarım mövsüm yaxından izləyirlər, müştərilərinin nəinki sərgilədiyi oyunu, hətta davranışına, mənəvi xüsusiyyətlərinə qədər araşdırıb, sonra transfer etmək haqda düşünürlər.
 
Siz isə, hələ də, karyerası boyunca etdiyi 1-2 driblinqi, vurduğu 5-6 qolu və bu kimi azsaylı keyfiyyətlərini 10 dəqiqəlik videoya sığışdıran lazımsız legionerləri tələsik transfer edib, özünüzü gözdən salmaqla məşğulsuz. Nəticə də göz qabağındadı. Azərbaycana yalnız pul dalınca gələn bu əcnəbilərin "çürük qoz" olduğunu görüncə ya Barmettler kimi tezbazar geri göndərib, artıq xərcə düşmək istəmirsiz, ya da ən azı transfer pəncərəsinin açılmasını gözləyirsiz ki, gedib öz açıqlamaları ilə sizi biabır etməsin.
 
Sonda yenə cənab Nikolova müraciət etməli olacam. Barmettler kimi heç nəyə yaramayan birini transfer edib, ardından da belə dilə-dişə düşmək sizə lazım idi? 
Shares: