"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın futbolinfo.az saytına müsahibəsi
– Bura gəlməmişdən öncə Azərbaycan haqqında nə bilirdiz?
– Sadəcə internet üzərindən məlumatlar əldə etmişdim. Bilirdim ki, Flaviniyo bu ölkədə top qovur. Azərbaycana dəvət alanda da ölkəniz haqqında məhz ondan soruşdum, maraqlandım. Mənə bildirdi ki, bu ölkəyə gəlməyin sənin üçün yaxşı olar.
– Bir il yarımdı ki, artıq Azərbaycandasan. Bura səndə necə təsuratlar yaradıb?
– Azərbaycan Braziliya kimi deyil. Tamamilə fərqli bir yerdi. Ailə ilə yaşamalı gözəl bir ölkədi.
– Bizim mətbəxlə aranız necədi?
– Bilirəm ki, siz ət yeməklərini daha çox xoşlayırsız. Mənim də burada ən çox xoşuma gələn kababdı.
– Bakıda ən çox xoşunuza gələn yer haradı?
– Ən xoşuma gələn yer paytaxtın mərkəzi küçəsidi – "Tarqovu"du. Ailəm burada olanda onlarla, olmayanda isə Reynaldo və Çumbinyo ilə çıxıb gəzirik.
– Boş vaxtlarınızı daha nələrə həsr edirsiz?
– "Play station" oynayırıq. Çox vaxt Reynaldo ilə oynayıram. Əksər vaxtlarda mənə qalib gəlir.
– Hansı komandaları seçirsiz?
– Mən "Barselona"nı, o isə Madrid "Real"ını.
– Deyəsən "Barsa"ya azarkeşlik edirsiz…
– Bəli. Neymarın oyunu çox xoşuma gəlir.
– Messi, yoxsa Ronaldo?
– Əlbəttə ki, Messi (gülür).
– Futbolu bir məktəb hesab etsək, Ronaldinyo o məktəbin drektoru ola bilər?
– Ronaldinyo həqiqətən də inanılmaz bir futbolçudu. Onu Brazilyada çox sevirlər. O, bir dahidi. Bəli, Ronaldinyo həmin məktəbin drektoru olmağa real namizəddi.
– "Qarabağ"dan danışaq. Hamıya bəllidi ki, sizin Reynaldo və Çumbinyo ilə birgə oyununuz gözəl alınır. Əgər hücumda da bir brazilyalı forvard olsaydı, sizin oyununuza daha müsbət təsir edərdimi?
– Mənim üçün hüçumçunun haralı olması önəm daşımır. Hüçumçunun oyunu duyma keyfiyyətləri mənim üçün daha önəmlidi. Bizim Nikolas Gelaşvili kimi hüçumçumuz var. O da qol vurur.
– Komandada yerli futbolçulardan hansı ilə ünsiyyətin daha yaxşı alınır?
– "Qarabağ" bir ailədi. Hamısı ilə ünsiyyətim yaxşıdı. Burada kimin gürcü, brazilyalı və ya azərbaycanlı olmasına fərq qoyulmur. Çox möhtəşəm bir kollektivimiz var.
– "Qarabağ"ın köçkün klub olduğu və Qarabağ həqiqətləri haqqında məlumatın var?
– Bəli, toplantılarımızda tərçüməçimiz bizə bu barədə məlumat verib.
– Bir ara xəbər yayılmışdı ki, Flavinyo vasitəsi ilə "Neftçi"yə getmək istəyirsiz?
– Bunlar tamamilə yalnış məlumatlardı. Mən Flavinyo ilə heç vaxt "Neftçi" barəsində danışmamışam. Bu xəbər bəzilərinin uydurmasıdı. Komandamızda olan sabitliyi pozmaq üçün yayılan şayələrdi. "Qarabağ"da çox xoşbəxtəm. Mükəmməl baş məşqçimiz və kollektimiz var. Müqaviləmin sonuna kimi də "Qarabağ"da qalmağı fikirləşirəm.
– Azərbaycan yığmasından təklif gəlsə, bunu necə qiymətləndirərsiz?
– Bunu müzakirə etmək lazımdı. Təbii ki, mən də bir brazilyalı kimi öz ölkəmin yığmasında oynamaq istərdim. Ancaq Braziliya yığmasına düşmək çox çətindi. Sizin millidən təklif gəlsə, bunu dəyərləndirərəm.
– Sizcə, Azərbaycan ilə Braziliya qarşılaşsa, hesab necə olar?
– (gülür) Bilirəm ki, Braziliya qalib gələr. Hesab isə 3:0 olar.
– Azərbaycanda çıxış etdiyiniz üçün 3:0 deyirsiz, yoxsa…?
– Yox, sadəcə, belə təxmin edirəm. Milli komandanın oyununda nəticələr fərqli olur. Burada ölkənin ən yaxşı oyunçuları çıxış edir.
– Əvvəl oynadığın komandalarla "Qarabağ" arasında nə kimi fərq var?
Söhbətə müdaxilə edən Riçardın komanda yoldaşı Maksim Medvedev zarafatla "İndi kişilərlə bir yerdə oynayır" deyir.
– Futbol hər yerdə futboldu. Fərq ondadı ki, orada portuqal dilində danışırdım, burada isə azərbaycan dilində danışmalıyam. Sizin dili də bilmədiyim üçün bu da mənə çətinlik yaradır. Buna baxmayaraq Azərbaycana uyğunlaşmağa çalışıram.
EMİN SƏFƏROV





