Bu yay Rumıniya "Petrolul"undan "İnter"ə transfer edilən Elhad Nəziri Premyer Liqada bir dəfə də olsun meydana çıxmayıb. Futbolinfo.az xəbər verir ki, müdafiəçinin adı Kaxaber Sxadadze tərəfindən iki oyunda ehtiyat oyunçular siyahısına salınsa da, meydana buraxılmayıb.
 
Nəziri geridə qalan 12 turda meydana çıxmamasının səbəbini onun özündən öyrənməyə çalışdıq. Futbolçu futbolinfo.az saytına açıqlamasında bunları bildirib:
 
"Komandaya yeni gəlmişdim. Daha sonra zədələndim. Zədəmi yeni sağalmışdı ki, xəstələndim. Buna görə də komandayla məşqlərə qatıla bimədim. Bu səbəbdən də heyətdə yer ala bilmədim. Baş məşqçi ilə heç bir problemim yoxdu. Sadəcə, meydana çıxmamağım sağlamlığımla əlaqəli idi".
 
21 yaşlı müdafiəçi qarşıdakı "Simurq"la qarşılaşma haqda da öz fikirlərini bildirib: "Bütün oyunlara qələbə əzmi ilə çıxırıq. Bu turda "Simurq"la qarşılacağıq. İlk oyunda məğlub olmuşduq, ümid edirəm ki, bu dəfə biz qələbə qazanarıq. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq üçün ancaq qələbə haqda düşünməliyik".
Shares: