“Mən istefaya gedənə qədər “Neftçi” çempionatda lider idi. Amma hiss edirdim ki, hansısa bir məğlubiyyət gözlənilir ki, mənim yerimə kimsə gətirilsin. Superkubok oyununda məğlubiyyət bizim göndərilməyimiz üçün bəhanə oldu. Böyükağa Hacıyev məni dəfələrlə komandadan uzaqlaşdırmağa cəhd edib, amma Sadıq Sadıqov qoymayıb”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq məşqçisi Tərlan Əhmədov deyib.
“İnterAz” televiziyasında yayımlanan “Arena” verilişində qonaq olan gənc çalışdırıcı sabiq klubu barədə qalmaqal yaradacaq fikirlər səsləndirib.
Əhmədov “Neftçi”nin baş məşqçi postunu tərk etdikdən sonra klub prezidenti Sadıq Sadıqovun köməkçisi təyin edilən Böyükağa Hacıyev onun işinə müdaxilə etdiyini söyləyib. Tərlan bəy etiraf edib ki, onun “Neftçi”də işləməsinə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev şərait yaradıb: “Mən Böyükağa Hacıyevin “Neftçi”də köməkçisi olmuşam. Hər bir məşqçi kluba gələndə özü ilə köməkçilərini də gətirir. Amma mən “Neftçi”yə Hacıyevin istəyi ilə gəlməmişəm. Məni kluba təqdim edən Ramin Musayev olub. Ona görə də Hacıyev istefa verəndə mən istefa vermədim. Hacıyevin özünə də dedim ki, məni bu kluba gətirən adam “get” desə, gedərəm”.
Qeyd edək ki, avrokubokda uğursuzluq səbəbi ilə Böyükağa Hacıyevin postunu tərk etməsindən sonra klub rəhbərliyi onun köməkçisi olan Tərlan Əhmədovla yola davam etməyi lazım bildi. “Ağ-qaralar” Premyer Liqada yeni mövsümə yaxşı başladığından və hazırda “Qarabağ”la liderliyi bölüşdüyündən Tərlan bəyin baş məşqçi kimi təsdiqlənəcəyi gözlənilirdi. Ancaq Sadıq Sadıqov “Neftçi”nin Azərbaycan Superkubokunda azlıqda oynayan “Xəzər Lənkəran”a uduzmasını gənc çalışdırıcıya bağışlamadı.





