Tərlan Əhmədov da “qara siyahı”ya düşdü. İnanın ki, o, ən azı 3-4 il hansısa klubda işləyə bilməyəcək. “Neftçi”nin sabiq məşqçisi “təkərə düşdü”, özü-özünə quyu qazdı.
Söhbət heç də onun "Neftçi"yə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin köməyi sayəsində getdiyini dilə gətirməsindən getmir. Hamıya bəllidi ki, PFL rəhbəri yerli məşqçilərə rəğbəti ilə seçilir və Qurban Qurbanovdan Nazim Süleymanova kimi əksər azərbaycanlı çalışdırıcıların, o cümlədən də Tərlanın iş sahibi olmasında Musayevin böyük rolu var. Ramin bəyin Əhmədovu da “Neftçi”yə məsləhət görməsi inandırıcıdı. Bununla belə, ifşa tipli açıqlama da ona çox mane olacaq, amma ən əsası onun qeyri-səmimiliyidi. Əhmədov qısa müddətdə 2 bir-birinə zidd açıqlama verdi ki, onlardan hansının yalan olduğunu müəyyənləşdirmək lazımdı.
Tərlan bəy həmin adamdı ki, “Neftçi”dən qovulana kimi Böyükağa Hacıyevin onun işinə qarışmadığını, münasibətlərinin normal olduğunu deyirdi. Halbuki özü də bilirdi ki, komandada qalmasının yeganə səbəbi liderlər qrupunda olmaları idi, çemodanını yığışdğrmaq üçün Superkubokdakı kimi bircə ciddi uğursuzluq gərəkirdi. Əhmədov təyinat aldığı gündən onun yerinə namizəd axtarırdilar. Nazim Süleymanovla danışıqlar da xeyli öncədən başlamışdı. Tərlan bəy qovulan kimi əvəzedicisinin tapılması da bunu sübut edir.
Kəsəsi, heç vaxt Hacıyevdən gileylənməyən məşqçinin “Neftçi”yə idarəçi kimi qayıdan bu şəxsin ona mane olduğunu indi açıqlaması qeyri-səmimilik nümunəsidi: “Mən istefaya gedənə qədər “Neftçi” çempionatda lider idi. Amma hiss edirdim ki, hansısa bir məğlubiyyət gözlənilir ki, mənim yerimə kimsə gətirilsin. Superkubok oyununda məğlubiyyət bizim göndərilməyimiz üçün bəhanə oldu. Böyükağa Hacıyev məni dəfələrlə komandadan uzaqlaşdırmağa cəhd edib, amma Sadıq Sadıqov qoymayıb. Mən Böyükağa Hacıyevin “Neftçi”də köməkçisi olmuşam. Hər bir məşqçi kluba gələndə özü ilə köməkçilərini də gətirir. Amma mən “Neftçi”yə Hacıyevin istəyi ilə gəlməmişəm. Məni kluba təqdim edən Ramin Musayev olub. Ona görə də Hacıyev istefa verəndə mən istefa vermədim. Hacıyevin özünə də dedim ki, məni bu kluba gətirən adam “get” desə, gedərəm”.
Əslində, Tərlan bəy bu sözləri “Neftçi”də işlədiyi vaxt deməli, onsuz da nəvaxtsa qovulacağını bildiyi üçün məhz bu kimi səbəbləri açıqlayıb özü şərəflə getməliydi. Amma Əhmədov gözlədi, susdu, cənublular qarşısında utandırıcı yenilgidən sonra qovuldu. Və bu gün onun açıqlaması artıq arxadan atılan daş kimi bir şeydi, Böyükağa bəyə heç nə etməyəcək. Bu açıqlamalar paytaxt klubundan alnıaçıq yox, “Xəzər Lənkəran”a məğlubiyyət damğasıyla gedən birinin sözləridi. Həqiqətdi, ancaq zamanında deyilmədiyi üçün qarayaxma effekti verir.
FƏRİD





