Futbolinfo.az sizi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi ilə tanış edir:
 
– "Neftçi"nin keçmiş məşqçisi Tərlan Əhmədov müsahibəsində deyib ki, "məni "Neftçi"yə Ramin Musayev gətirib". Sadıq Sadıqov isə öz növbəsində buna "klub rəhbəri mənəm, hər kəsi mən qəbul edirəm" açıqlamasıyla cavab verib…
– Sizin dediyiniz məsələ ilə bağlı məndə də məlumat var. Klubun rəhbri Sadıq Sadıqovdu. Bütün işçilər onun ixtiyarındadı. Biz Sadıq Sadıqovla 30 ilin dostuyuq. Lakin bunun işimizə heç bir aidiyyatı yoxdu. Belə bir qanun var: məşqçi gedəndə hamı onunla getməlidi. Yenə də təkrar edirəm ki, mən heç bir kluba, heç bir məşqçini təyin etməmişəm. Təkcə "Qarabağ"a Qurban Qurbanovu məsləhət görmüşəm. Tərlan Əhmədovun "Neftçi"yə keçməsində Ramin Musayevin əziyyəti təkcə uğurlar arzulamaq olub.
 
– "Turan-T"də baş verənlərdən xəbəriniz var. Bu kluba sponsoru da siz tapmışdınız…
– Pislik etməmişəm ki? (gülür)… Mətbuatdan oxumuşam ki, narazılıqlar var. Təkcə "Turan-T"də maaş gecikməsi olsa, mən bunu qəbahət hesab edərdim. Elə köklü klublar var ki, onların 50 min manat borcu var. Bu, normal haldı. Mətbuata mövzü lazımdı ki, bunu şişirtsin.
 
– Çempionatda hakimliklə bağlı problemlər olur. Bəlkə "ayın hakim"i də seçilsin?
– Siz seçin də… Bunu sizin ixtiyarınıza buraxırıq. Dünyada elə bir ölkə var ki, onların çempionatında hakim səhvi olmasın? Elə bir hakim var ki, onun səhvi olmasın?
 
– "Böyük oyun"da qonaq azarkeşlərin stadiona buraxılaması haqda qərar aradan qaldırıla bilər?
– Mən azarkeşsiz oyunun əlehinə olmuşam. Elə düşünürəm ki, futbolçu azarkeş üçün oynamalıdı. Əfsuslar olsun ki, bu, mənim səlahiyyətimdə deyil. Mən azarkeşlərin stadionda oyun izləməsinin tərəfdarıyam. Tribunada maraqlı atmacaların, bir-birini qızışdırmalarının tərəfdarıyam, amma davaların yox. Azarkeş elə bir şüar səsləndirməlidi ki, bu, kənardan baxana da maraq versin. Mənə elə gəlir ki, bu "Böyük oyun"da azarkeşsizliyin sonu olmalıdı. Elə düşünürəm ki, Lənkərandakı oyundan sonra azarkeşlər meydana buraxılar.
 
– Ötən tədbirdə Premyer Liqamızın oyununu yayımlamaq istəyənlərin olduğunu bildirmişdiz…
– Zamanı gələndə bunu açıqlayacağıq. Mən onlarla danışığım zamanı fikirlərinin qəti olduğunu hiss etmişəm. Hər şey normal getsə, bu, alınacaq.
 
– Sizcə, Berti Foqts millidə qalmalıdı, ya getməlidi?
– (Gülür)…  Əgər Berti Foqts çempionat ərzində bütün oyunları canlı izləsə, buna razı olaram. Düzdü, o qədər də yaxşı nəticə göstərmədi. Amma millidə ən azından intizam yarada bilib.
Shares: