Son günlər gündəmdə olan məsələlərdən biri də "Neftçi"nin məşqçisi Tərlan Əhmədovun rəsmən baş məşqçi təyin edilməməsidi. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyinin Əhmədova 6 oyunluq şans verməsinə baxmayaraq, yerli mütəxəssis hələ də, Bakı təmsilçisində məşqçi funksiyasını yerinə yetirir.
Məsələ ilə bağlı klubun vitse-prezidenti Tahir Süleymanovun fikirlərini öyrəndik.
– Tahir müəllim, artıq Topaz Premyer Liqasının 10-cu turu bitir və hələ də Tərlan Əhmədov baş məşqçi deyil…
– Bilirsiniz, "Neftçi"də klub və komanda anlayışı ayrıdı. Biz klub olaraq yalnız komandanın uğurları üçün çalışırıq. Məsələn, mən 4 ildi ki, bu klubdayam. Ancaq bir dəfə də çıxıb deməmişəm "Mən "Neftçi"nin vitse-prezidentiyəm". Komandanın inkişafı göz qabağındadı.
– Amma klub rəhbərliyi Böyükağa Hacıyevin gedişindən sonra Əhmədova sübut etməsi üçün 6 oyunluq şans vermişdi.
– "Neftçi" yalnız yerli mütəxəssislərlə işləyir. Onların çalışması üçün şərait yaradır. Tərlan da Azərbaycanın gənc və bacarıqlı məşqçilərindəndi. Hacıyevin gedişindən sonra komanda ona həvalə edildi. Hələ ki, Tərlan bu işin öhdəsindən gəlir.
– Bizdə olan məlumata görə Əhmədovun rəsmən baş məşqçi postuna təyin olunmaması bu posta başqa namizədlərin olmasıdı…
– Mən bu klubun rəsmisiyəm. Mənə maraqlıdı ki, rəsmi şəxs kimi məndə olmayan məlumat sizdə necə olur? Biz məşqçimizi dəyişməyi düşünmürük. Siz bu sualı gündə bir baş məşqçi gətirən klub rəsmilərinə versəniz, daha yaxşı olar.
– Super Kubokun nəticəsindən asılı olaraq Əhmədov postundan gedə bilər?
– Əsas odu ki, Azərbaycan futbolu qələbə qazansın. Burada söhbət "Neftçi"nin və ya "Xəzər Lənkəran"ın qələbəsindən getmir. Bu, ümumilikdə Azərbaycan futbolunun uğurudu. Şəxsən mən "Xəzər Lənkəran"ın hazırda turnir cədvəlində tutduğu yerə görə təssüf edirəm. İstəyərdim onlar da çempionluq uğrunda mübarizə aparsınlar. Bilirsiniz, "Xəzər Lənkəran"sız "Neftçi", "Neftçi"siz "Xəzər Lənkəran", bu iki klubsuz "Qarabağ" heç bir gözəl oyun göstərə bilməz. Çempionatımızın yaraşığı bunlardı. "Neftçi"nin Avropa Liasının qrup mərhələsinə vəsiqə qazanması, "Qarabağ"ın pley-off mərhələsinə qədər gəlib çıxması Azərbaycan futbolunun inkişafını göstərir.
– Millimizin son seçmə mərhələdəki nəticəsi barədə nə deyərdiniz?
– Bilirsiniz, çoxları deyir ki, millinin topladığı 9 xal rekord göstəricidi. Ancaq bu rekord göstərici klublar sayəsində olub. Millinin heyətində bir neçə futbolçunu çıxsaq, hamısı yerli klublarda top qovur. Onların inkişafına səbəb klublarımızdı. Vallah klublarımızda o futbolçular öz oyun səviyyəsini artırmasa, millinin başına Mourinyo da gəlsə, xeyri yoxdu.
RÖVŞƏN ƏHLİMANOĞLU





