Gözünüzün qarşısında dünyanın siyasi xəritəsi varmı? Yoxdursa, tapın və böyük və güclü sayılan ölkələrin sərhədlərinə diqqət yetirin. ABŞ və Avstraliya avropalı kolonizatorlar tərəfindən bugünkü duruma gətirildiyindən demək olar ki, böyük bir materiki əhatə eləyir. Rusiyanın sərhədləri Kalininqraddan Kuril adalarına qədər nəhəng bir əraziyə uzanır. Böyük Britaniya və Yaponiya adada, İspaniya, İtaliya, Türkiyə isə yarımadada yerləşir. Almaniya və Fransa Avropada, Çin və Hindistan Asiyada, Kanada Şimali Amerikada, Braziliya və Argentina isə Cənubi Amerikada sanki əvvəlcədən onlar üçün ayrılmış strateji mövqe tutur. Və bütün bu ölkələrin sərhədləri, fərdi xəritələri bütov bir tam şəklindədir, girintili-çıxıntılı deyil.
 
İndi də Azərbaycan xəritəsi: üç ayağı, üç qanadı və balaca bir başı olan qartal. Hissəcikləri səliqəsiz uşaq tərəfindən döşəməyə dağıdılmış pazzl. Balakən-Şəki bölgəsi ilə Quba-Xaçmaz bölgəsinin arasında Rusiya ərazisi, Lənkəran-Astara zonası ilə Qarabağ arasında İran torpaqları, Naxçıvan Muxtar Respublikası və qalan Azərbaycan ərazisi arasında isə Ermənistan. Faciəvi səhnə. Əsrlərdən bəri aparılan işğalların, deyəsən, hələ də yekun olmayan acı nəticəsi: Naxçıvanı Azərbaycana quru sərhəd bağlamır.
 
Bir ölkənin başına gələ biləcək hadisələr arasında bu, ən utancverisidir.
 
Muxtar Respublikanın özü kimi bu respublikanın futbolu da düz 12 il anklav idi. Tarixin sonuncu “Araz Naxçıvan”ını pis xatırlayıram: yadımda qalan Böyükağa Hacıyevin məşqçiliyi, İmamyar Süleymanovun (belə bir forvard yadınıza düşürmü?) bombardirliyi və mövsümün gedişində yarışdan imtinadır. Komandanın futbol tarixinə qoyduğu hansısa izdən danışmaq yersizdir, amma bütün bu müddət ərzində Naxçıvanda peşəkar komandanın olmaması, əslində futbolun bu ölkədə bir idman növü yox, sosial proqram kimi inkişaf etdirildiyinin göstəricisidir. Deyirlər, hətta muxtar respublikada daxili çempionat keçirilir, amma AFFA və PFL-in olmadığı yerdə həmin çempionat bizim (idman jurnalistlərinin) hər həftə Ruslan-93-də toplaşıb futbol oynamağımıza bənzəyir.
Ümumiyyətlə, Naxçıvanla bağlı Bakıda xeyli maraqlı, bəzən qəribə, bəzən də qorxulu mif və şayiələr dolaşır. Məsələn, yenə də deyirlər ki, Naxçıvanda kriminal sıfır həddindədir, çünki az qala ictimai tualetlərdə belə nəzarət kameraları quraşdırılıb və həmin kameraların arxasında çox qəzəbli adam dayanır; suyu açıq buraxana cəza verir. Şəhərdə yalnız yerli istehsal olan avtomobillər sürürlər, küçədə siqaret çəkmək qadağandır, çayxanalarda boş-boş vaxt keçirənləri niyə, məsələn, işə, məktəbə getməyib günün bu vaxtı burada olmaqla bağlı sorğu-suala çəkirlər. Andropovun SSRİ-si…
 
Özüm bu şəhərdə cəmi bir dəfə olmuşam, o da 10 il əvvəl. Bütün bunların həqiqət olduğuna məndə zərrə qədər də inam yoxdur, amma şayiələrin boş yerdən yaranmayacağına da şübhə eləmirəm. Deyilənlərin futbolla böyük ölçüdə əlaqəsi olmasa da, “Araz”ın tələsik yaradılması, Superkubokun Naxçıvana salınması bütün bunların məntiqi davamı və növbəti ictimai missiya təsiri bağışlayır: belə lazımdır, belə də oldu. Lap “Qarabağ”ın Quzanlıda oynaması kimi.
 
Matçdansa çox şey gözləyirəm. Sırf futbol mənasında. Sonuncu dəfə Bakıdan və Lənkərandan kənarda baş tutan “Neftçi” – “Xəzər Lənkəran” matçı əla futbol və möhtəşəm anturajla keçmişdi. Bu dəfə də belə olacaq, şəksiz; “Böyük oyun” maraqsız ola bilməz.
Shares: