Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyunla bağlı sualları cavablayıb.
 
– Bizi dövrənin son oyunu gözləyir. Bu, çox vacibdi. Seçmə mərhələni uğurla başa vurmaq istəyirik. Döyüşmək və Rusiya yığmasına məğlub olmamaq istəyirik.
 
– Azərbaycan yığmasının özünəinamlı bəyanatları nəyə əsaslanır?
– Bizim bəzi oyunçularımız doğrudan da özünəinamlı bəyanatlar veriblər. Görürəm ki, bu sözlər Rusiya yığmasının oyunçularına xoş gəlmir, ancaq biz mətbuata müsahibə üçün Rusiya yığmasının oyunçularından icazə almaq fikrində deyilik. Ancaq xüsusilə Aleksandr Səmədovun sözlərinə gəlincə ki, onun komandası bizi cəzalandırmağa hazırlaşır… Heyif ki, biz onunla meydanda üzləşəcəyik. Meydandan kənarda o, öz ədəbsizliyinə görə mütləq cavab verməli olardı. İndi mən onu Səmədov çağırmayacağam. Mənim üçün o, sadəcə Aleksandrdı.
 
– Rusiya ilə oyun Şimali İrlandiyaya qarşı oyundan nə qədər fərqlənəcək?
– Əminəm ki, Rusiya əvvəllər olduğu tək oynayacaq. Heç bir sürpriz olmayacaq. Ancaq irlandlar meydanın mərkəzini ələ almaqla bizi təəccübləndirmişdi. Fasilədən sonra hər şey dəyişdi, biz öz oyunumuzu göstərdik. Topa daha çox sahib olduq.
 
– Komandanın baş məşqçi Berti Foqtsla münasibətləri necədi?
– Onun mentaliteti başqadı. Ancaq biz bir-birimizə öyrəşmişik. İndi bizə kifayət qədər asandı. Düşünürəm ki, o, Azərbaycan futboluna böyük fayda verib. Sadəcə bu mərhələdə çox bəxtimiz gətirmədi. 13-14 xal yığmalı idik. Cəmi üç dəfə uduzmuşuq. Yığma ilə heç belə olmamışdı.
 
– Mükafatlar barədə nə deyə bilərsiniz?
– Bizdə bu barədə oyundan sonra danışırlar. Hakimin 86-cı dəqiqədə təyin etdiyi penaltini, Moskvada məğlubiyyətimizi yaddan çıxarmamışıq. İndi azarkeşlərimiz qarşısında uğurlu oyun göstərmək istəyirik.
 
– Sizcə, qarşıdakı oyunun favoriti ikimdi?
– Rusiyanın müəyyən üstünlüyü var. Belə ki, onları heç-heçə də qane edir. Ancaq onlar heç-heçəyə oynamayacaqlar.
Shares: