İsgəndər Cavadovdan sonra Gəncə futbolunun kuratoru, daha sonra "Kəpəz"in prezidenti təyin olunan Mehman Allahverdiyev futbolinfo.az saytına müsahibə verib. Klub rəhbəri 6-cı turda keçirilən “Araz Naxçıvan”la oyundan və "Kəpəz"in gələcək taleyindən söz açıb.
 
– Mehman müəllim, gəncəlilər "Araz Naxçıvan"la qarşılaşmada hakim qərəzinin olduğunu bildirir…
– Bilirsiniz, oyuna baxmışıq. Biz federasiyaya müraciət etmişik. Onlar videolentə baxdıqdan sonra öz qərarını verəcək. Çünki stadionda olarkən hakim qərarlarını dəqiq görmək olmur.
 
– Ümumiyyətlə, Anar Niyazovun hakimliyindən razı qaldınız?
– Anar Niyazovun səhvi ola bilər. Səhvlər bütün hakimlərdə olur. Amma bu qərarların tam qərəzli olduğunu deməzdim. Çünki hakim səhvləri rəqibə qarşı da olurdu, bizə də.
 
– Yəni sadəcə olaraq hakim səhvi idi?
– Bəli, inanmıram ki, hakim bilərəkdən hansısa qərarda qərəz göstərib. Anar təcrübəli hakimdi. Onun oyunda hansısa qərəz göstərəcəyinə inanmıram.
 
– "Kəpəz"in son anda necə formalaşdığı hər kəsə məlumdu. İndi komandada hansı çətinliklər var?
– Komandanı dağılmağa qoymadıq. "Kəpəz"i son anda yaratdıq. Futbolçuları isə çox çətinliklə heyətə cəlb edə bildik. İkinci dövrədən yaxşı komanda formalaşdıracağıq. Çıxışımızı da dayandıra bilməzdik. Zəif komanda olmasına baxmayaraq, oynayırıq. Onu deyə bilərəm ki, "Araz Naxçıvan"a qarşı ən yaxşı oyunlarımızdan birini göstərdik. Amma alınmadı.
 
– "Kəpəz" qışda transferlə edəcək, ya eyni heyətlə yola davam edəcəksiz?
– Əlbəttə ki, qışda transferlərimiz olacaq. Güclü transferlər edəcəyik.
 
– Əsasən hansı futbolçulara üstünlük veriləcək – legioner yoxsa yerli?
– Bizim məqsədimiz əsasən yerli futbolçularla işləməkdi. Lazım olarsa, əcnəbi futbolçuları da heyətə cəlb edəcəyik.
 
– Vidadi Rzayevlə sona qədər davam edəcəksiz?
– Hələ ki, fikrimiz belədi. Burda Vidadi Rzayevi qınamaq da olmaz. Çünki, futbolçu olmayan yerdə Rzayev də çətinlik çəkir. Əgər biz təlim-məşq toplanışı keçsəydik, komandanın fiziki durumu xeyli düzələrdi. Vidadi müəllimin əlində olan futbolçular budu. Yaxşı futbolçular da var, amma futbol komanda oyunudu. Digər tərəfdən 21 yaş həddi də bizə problem yaratdı. Bu yaşlarda olan futbolçuların ən yaxşılarını digər klublar götürdü. Biz də məcburiyyət qarşısında demək olar ki, kimi gəldi komandaya cəlb etdik. 6 nəfər 21 yaşlı futbolçu meydanda olur. Bu da komandanın 60 faizini təşkil edir.
 
– Stadionla bağlı hansı işlər görülür?
– Baza normal vəziyyətdədi. Meydançamız da pis deyil. Ancaq stadion o vaxtdan olduğu kimidi. Orda güclü iş getməlidi.
 
– Sponsorla stadionda yenidənqurma işlərinin aparılması ilə bağlı daşınıqlar olub?
– Bu haqda hələ ki, danışıqlar olmayıb. Amma bildiyimə görə, Gəncədə yeni stadion tikilməlidi. Ola bilsin ki, bu stadion da bərpa olunsun və yenisi də tikilsin.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp