“Sumqayıt”ın və Azərbaycan yığmasının qapıçısı Mehdi Cənnətovun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə “Neftçi” ilə matça qədərki uğursuz seriyadan başlayaq. Komandanız 4 oyun idi ki, uduzurdu. Bu nə ilə bağlı idi?

– Həmin seriyanın üzərində dayanmamalı, o oyunları unutmalıyıq. Onu deyə bilərəm ki, ardıcıl məğlubiyyətlərdən düzgün nəticə çıxartdıq və yolumuza davam edirik. Keçmiş yenilgilər haqda yox, ancaq irəliləmək barədə düşünürük.

– Ardıcıl məğlubiyyətlər seriyasına, nəhayət, “Neftçi” ilə matçda son qoya bildiniz. Hesabı açan tərəf olduğunuzu nəzərə alsaq, bu görüşdə qələbə qazanmağa da yaxın idiniz. Hesabdakı üstünlüyü qorumaq üçün “Sumqayıt”da nə çatmadı?

– Qol epizodlarının sayına görə biz qələbəyə daha yaxın idik. Ancaq “Sumqayıt” kimi, “Neftçi” də meydana sərfəli nəticə üçün çıxmışdı. Çünki hər iki komanda son matçlarda istədiyi nəticələri qazana bilməmişdi. Buna görə də hər iki tərəfin məqsədi qalib gəlmək idi.

– Son vaxtlar fərdi olaraq çox yaxşı formadasınız. Bunu Azərbaycan yığmasının heyətində Millətlər Liqasının ilk 2 turunda, həmçinin “Sumqayıt”ın “qara zolaq”da olduğu dönəmdə etdiyiniz qurtarışlarla isbatladınız. Performansınızın daha da yaxşılaşması və özünəinam hissinizin artması nə ilə bağlıdır?

– Hamısı “Sumqayıt”ın qapıçı məşqçisi Anar Niftəliyevin zəhmətinin nəticəsidir. Bu suala cavab olaraq çox şeyi qeyd edə bilərəm. Amma ilk növbədə məşqçimizin əziyyətini vurğulamaq istəyirəm.

– Növbəti turda “Sumqayıt”ı “Qarabağ”la ağır sınaq gözləyir…

– “Qarabağ”ın “Sumqayıt”la matçda favorit sayılması sirr deyil. Ancaq fədakarcasına oynasaq və meydanın hər qarışı uğrunda mübarizə aparsaq, müsbət nəticə əldə edə biləcəyik.

– “Sumqayıt” 8 turdan sonra 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Yuxarı yerlərdə olmamağınızın səbəbi nədir və komandanızın üst pillələrə qalxmaq potensialı varmı?

– Mən turnir cədvəlinə baxmıram, ancaq növbəti oyun haqda düşünürəm. Hələ çempionatın ilk dövrəsi gedir, bizi uzun marafon gözləyir. Kritik bir durum yoxdur, qarşıdakı turlarda vəziyyət dəyişə bilər. Məqsədimizə doğru addımlayacağıq.

– Azərbaycan yığması oktyabr ayında Millətlər Liqasında növbəti oyunlarını keçirəcək. Həmin görüşlər üçün millidən dəvət gözləyirsiniz? Sizcə, qarşıdakı matçlarda da yığmanın baş məşqçisi Fernandu Santuş sizə start heyətdə şans verəcək?

– Yığmaya dəvət almaq hər bir futbolçunun can atdığı şeydir. Yenidən milliyə çağırılmaq mənə qismət olsa, sevinərəm. Baş məşqçinin siyahısında yer alacağım təqdirdə, yığmanın yaxşı nəticələrə nail olması üçün əlimdən gələni edəcəyəm.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp