MotoGP üzrə dünya çempionatında mübarizə aparan “Honda” komandası fransalı Fabio Kuartararo və kolumbiyalı David Alonso ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

2021-ci il MotoGP çempionu Fabio Kuartararo 2027 və 2028-ci illərdə Yaponiya təmsilçisinin şərəfini qoruyacaq. Onun komandaya keçidi MotoGP-də yeni dövrün başlanğıcına təsadüf edəcək. Belə ki, həmin vaxt çempionat 850 kubsantimetrlik mühərriklə təchiz olunmuş motosikletlərə keçəcək.

Fransalı motosikletçi karyerası ərzində MotoGP-də 11 yarışın qalibi olub, 32 dəfə podiuma yüksəlib və 21 dəfə poul mövqeyi qazanıb.

Öz növbəsində 20 yaşlı David Alonso “Honda” ilə uzunmüddətli müqavilə imzalayıb. Kolumbiyalı sürücü cari mövsümün sonunda Valensiyada keçiriləcək testlərdə ilk dəfə MotoGP motosikletini idarə edəcək.

Həmin vaxta qədər Alonso aşağı kateqoriyalarda çıxışını davam etdirəcək. O, indiyədək 20 qələbə qazanıb, 30 dəfə podiuma yüksəlib və 9 poul mövqeyi əldə edib. Hazırda isə Moto2-də ikinci mövsümünü keçirən Alonso çempionatda dördüncü pillədə qərarlaşıb.

Shares: