“Qarabağ”ın sabiq bolqarıstanlı futbolçusu Simeon Slavçev futbolinfo.az saytına müsahibə verib. O, müsahibəsində Ağdam klubunun Avropa Liqasının ikinci təsnifat mərhələsində ölkəsinin ÇSKA klubuna qarşı keçirəcəyi oyundan danışıb.

– “Qarabağ” – ÇSKA qarşılaşması barədə ümumi fikriniz necədir? Hansı komandanı növbəti mərhələyə daha yaxın görürsünüz?

– Düşünürəm ki, bu mərhələni keçəcək komanda “Qarabağ” olacaq. Çünki bu cür təzyiqli oyunlarda onların kifayət qədər təcrübəsi var. ÇSKA isə hazırda yenidənqurma mərhələsindədir və hələ tam formalaşmış komanda təsiri bağışlamır. Bununla belə, klubun gələcəyi üçün çox yaxşı planları var. Onlar növbəti səviyyəyə yüksəlməyi, böyük uğurlar qazanmağı hədəfləyirlər və maliyyə baxımından sabitdirlər. Yeni stadion inşa edirlər, futbolçulara yüksək maaşlar verirlər. Böyük potensiala malik olsalar da, hazırda müəyyən çətinliklər yaşayırlar və hələ tam vahid komanda kimi çıxış etmirlər.

– Sizcə, bu cütün taleyi ilk oyunda həll oluna bilərmi?

– Məncə, “Qarabağ” cütün favoritidir və çalışmalıdır ki, hər şeyi ilk oyunda həll etsin. Çünki cavab qarşılaşmasını gözləmək risklidir. ÇSKA-nın azarkeş bazası çox güclüdür və Bolqarıstanda məhz azarkeş amili oyunun taleyinə ciddi təsir göstərə bilər.

– ÇSKA-nın hansı futbolçularını və oyun xüsusiyyətlərini önə çəkərdiniz?

– Komandanın xüsusilə yarımmüdafiə xəttini bəyənirəm. Eto’o çox maraqlı futbolçudur. Əgər öz günündə olsa və yaxşı əhval-ruhiyyədə çıxış etsə, rəqibə ciddi problemlər yarada bilər. Sensi isə təcrübəli yarımmüdafiəçidir və uzaqdan zərbələri, hücumlara qoşulması ilə təhlükəlidir. Hücum xətti mənə bir qədər qeyri-sabit görünür. Bəzən oyunda görünmürlər, amma növbəti epizodda Pittas rəqib müdafiəsini çətin vəziyyətə sala bilir. Cinahlarda sürətli oyunçuları var, lakin bu sürəti hər zaman effektivliyə çevirə bilmirlər. Məncə, ÇSKA uğur qazanmaq istəyirsə, “Qarabağ”ın cinah müdafiəçilərinin arxasında yaranan boşluqlardan maksimum istifadə etməlidir.

– İlk oyundan və cavab matçından nə gözləyirsiniz?

– Bakıdakı oyunda düşünürəm ki, topa daha çox “Qarabağ” sahib olacaq və yaxşı nəticə əldə edəcək. Əgər ilk görüş heç-heçə bitsə və ya “Qarabağ” istədiyi nəticəni qazana bilməsə, Sofiyadakı cavab oyunu onlar üçün çox çətin keçəcək. Bunun əsas səbəbi isə azarkeşlərin yaratdığı atmosferdir. Bolqarıstan azarkeşləri Balkanlara xas coşquları ilə tanınırlar və stadionda həqiqətən möhtəşəm atmosfer yaradırlar.

– Hazırda Bolqarıstan futbolunda ÇSKA ilə “Ludoqorets”i necə müqayisə edərdiniz?

– Hazırda bu iki komanda fərqli mərhələdədir. “Ludoqorets” keçmişdə böyük uğurlar qazanıb, lakin həmin yüksəliş dövrü artıq geridə qalıb və klubun yenilənməyə ehtiyacı var. ÇSKA isə yeni layihəyə başlayıb. Məqsədləri ölkə çempionu olmaq, Avropa turnirlərində mübarizə aparmaqdır. Onlar buna çox acdırlar və maliyyə imkanları da kifayət qədər genişdir. Məncə, hazırkı mərhələdə sofiyalıların inkişaf potensialı daha yüksəkdir.

– Sonda “Qarabağ” haqqında nə demək istərdiniz?

– “Qarabağ”ı çox bəyənirəm və komandaya səmimi qəlbdən uğurlar arzulayıram. Ümid edirəm ki, yenidən ölkə çempionu olacaqlar. Bunun bir səbəbi də odur ki, klubun məşqçilər korpusunda bolqar mütəxəssislər çalışırlar və onlar son dərəcə peşəkar iş görürlər. Məşqçilərin fəaliyyəti yüksək səviyyədədir. Arzu edirəm ki, Azərbaycan xalqı “Qarabağ”la hər zaman qürur duysun.

FƏRİD

Shares: