“Neftçi”nin futbolçusu Emin Mahmudov Konfrans Liqasında “Dinamo”ya (Minsk) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, kapitan jurnalistlərin suallarını cavablandırıb:

– “Turan Tovuz” məsələsindən sonra II mərhələdən başlayacağınız bilindi. Hazırlaşa bildiniz?
– Bu məsələ bizim üçün də gözlənilməz oldu. Hazırlaşmağa vaxtımız var idi. Yaxşı oyun göstərməli və qələbə qazanmalıyıq.

– Gələn il klubun yubileyidir. Hədəf çempionluq və Konfrans Liqasında əsas mərhələyə qalmaqdır. Hədəflərə çatmaq mümkün olacaq? Çünki növbəti rəqibiniz böyük ehtimalla güclü “Braqa” olacaq…
– Yubileyə görə motivasiyamız var. Bizim üçün vacib mövsüm olacaq. “Braqa”nı və ya başqa komandanı düşünmürük. Bütün diqqətimiz “Dinamo”dadır. Yaxşı futbol oynayırlar və fikrimiz matçdadır. Bu oyundan sonra növbəti rəqib haqda düşünəcəyik.

– Əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə düşərgədə atmosfer necədir?
– Həmişə inamımız olub. Bəzi mövsümlərdə qruplara qalmaq üçün yaxşı şansımız var idi. İndi də düşünürük ki, oyundan-oyuna hazırlaşaq. Bəzən bəxtsizliklərimiz də olmuşdu. “Rapid”lə oyunda şans bizdən yana deyildi. Ümumi götürəndə, düşünürəm ki, bu il daha yaxşı nəticə göstərməliyik.

– Oyundan əvvəl açıq məşqdə azarkeşlər yaxşı atmosfer yaratmışdı. Bu, sizə motivasiya verəcək?
– Möhtəşəm ab-hava yaratmışdılar. Fanatlara təşəkkür edirəm. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Bizə çox dəstək olur, motivasiya verirlər.

– Kapitan kimi necə düşünürsən, “Neftçi” nə dərəcə dəyişib?
– Bu mövsüm heyətdə çox dəyişiklik olmayıb. Demək olar, heyət və məşqçi eynidir. Stabillik olduğunu düşünürəm. Daha yaxşı olacağımızı fikirləşirəm. (Futbolpress)

Shares: