“Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda bu gün Finlandiyanın KuPS komandasını qəbul edib.

Futbolinfo.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyunçularından narazı olmadığını bildirib:

“Sabah” ailəsini, hər kəsi təbrik edirəm. Əlbəttə ki, bu, böyük və möhtəşəm duyğudur. Azarkeşlərə təşəkkür edirəm. Amma yəqin ki, stadiondan bir az məyus ayrıldılar. Çoxsaylı fürsətlərimiz oldu, yararlana bilmədik. Bu, bir balaca məni üzür.

Oyunçularımdan narazı deyiləm. Onlar bu gün bütün tapşırıqları düzgün yerinə yetirdilər. Çoxsaylı fürsətlərimiz oldu, əfsuslar olsun ki, yararlana bilmədik. Oyunun sonunda bizim də bəxtimiz gətirdi, rəqibin bir fürsəti oldu, fərqlənə bilmədilər. Səfərdə bizi çətin oyun gözləyir.

Mənim məşqçi kimi vəzifəm ən yaxşı 11-liyi seçməkdir. Düşünürəm ki, Aron Maluda bu gün fiziki və mental cəhətdən hazır deyildi. Ona görə də meydançaya çıxmadı.

Biz hazırda ilkin olaraq bu oyunu təhlil etməliyik. Rəqibimiz spesifik komandadır. Düşünməliyik ki, onları necə dayandıra bilərik. Düzdür, bizi səfərdə çox çətin oyun gözləyir. Süni örtüklü meydançada çıxış edəcəyik. Örtük ağır olacaq. Amma çalışacağıq ki, yaxşı nəticə qazanaq.

Səmimi şəkildə desəm, qol fürsətləri yarada bilməsəydik, narahat olardım. Futbol elə bir oyundur ki, bəzən yaratdığın bir neçə epizodun heç birindən fərqlənə bilmirsən. Amma bəzən də əksinə, qol vəziyyəti yaratmadan sevinən tərəf olursan.

Bu, bizim hələlik üçüncü oyunumuzdur. Biz çempion komandayıq. Ona görə də futbolçular bunu başa düşməlidir. Yeni transferlər “Sabah”a uyğunlaşmaqdadır. Hazırda kifayət qədər yaxşı oyunçumuz var. Əminəm ki, hər biri komandaya yaxşı fayda verəcək. Yeni transferlər arasında fantastik futbolçular var. Amma zaman-zaman komandaya uyğunlaşmalıdırlar.

Mənim hələ də fikrim KuPS ilə oyunla bağlıdır. “Lex”lə bağlı heç nə düşünmürəm və beynim hazırkı rəqibdədir. Çalışmalıyıq ki, bu mərhələni keçək”.

Shares: