Azərbaycan Superkuboku uğrunda matçın baş hakimi Rəhim Həsənovun verdiyi yanlış qərar hələ də müzakirə olunmaqdadı. Belə ki, matçın 16-cı dəqiqəsində “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovun yerdə qaldığı epizodda referi penalti nöqtəsini göstərdi. Amma az sonra köməkçi hakim Əliyar Ağayevin sayəsində Həsənov səhvini düzəltdi.

Belə ki, Ağayev baş hakimi “Neftçi”nin müdafiəçisi Denis Silvanın rəqibinə qarşı kobudliq etməməsinə inandıra bildi. Bu epizod cənubluların etirazına səbəb olsa da, sonda haqq-ədalət yerini tapdı və penalti ləğv olundu. Maraqlıdı, həm də oyunun hakim-inspektoru olan AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov nə düşünür? Sədr Futbolinfo.az-a açıqlamasında Rəhim Həsənovun səhvə yol verdiyini etiraf etdi:

“Bu, metodiki səhv idi. Baş hakim Rəhim Həsənov Əliyar Ağayevə minnətdar olmalıdı ki, səhv qərarın qarşısını aldı. Burada qərəz yox idi, sadəcə, səhv idi. Bu səbəbdən də yanlışlıq aradan qaldırıldı. Həmin səhv nəticəyə təsir edə bilərdi. Ancaq bunun qarşısı vaxtında alındı ki, bu da hakimlər briqadasının işini yüksək qiymətləndirməyə imkan verir. Rəhim Həsənova hansısa cəza verilməyəcək. O, səhv etsə də, köməkçisi onu səhv qərardan və cəzadan qurtardı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp