“Rəvan”ın futbolçusu Çəmşid Məhərrəmov Futbolinfo.az saytına müsahibə verib. O, komandasının çıxışından, eləcə də sabiq klubu “Bakı”ya qarşı keçiriləcək növbəti oyundan danışıb.

– “Rəvan”ın çempionatda çıxışını necə dəyərləndirirsiz?
– Komandamız normal oyun sərgiləyir. Çempionatın ağır keçdiyi hər birimizə məlumdu. Biz də rəqiblərimizlə başa-baş döyüşməyə çalışırıq. Oyunlarda nəticə qazana bilməsək də, hazırda komandanın vəziyyəti yaxşıdı.

– Şahin Diniyevin gəlişindən sonra komandada hansı dəyişiklər oldu?
– Komandada ab-hava dəyişdi. Şahin müəllim öz fəlsəfəsini oyunçulara çox yaxşı şəkildə başa salmağa çalışır. Biz də onun öyrətdiklərini meydanda etməyə çalışırıq.

–  Yeni baş məşqçidən tam razısız?
– Şahin müəllim yaxşı məşqçilikdən əlavə yaxşı insan və yaxşı psixoloqdu. Bu 3 yaxşı cəhət onda komplektləşib. Futbolçudan nə istədiyini bilən və öz fəlsəfəsini futbolçunun oyununda əks etdirə biləcək məşqçidi. Onun gəlişindən sonra komandada vəziyyət daha da yaxşılaşdı.

– Artıq məşqçi dəyişməsi “Rəvan”da dəb halına gəlib. Bir neçə məğlubiyyətdən sonra bu məşqçi göndərilir, digəri gəlir. Sizcə Diniyevi də eyni aqibət gözləyir?
– Bunlar rəhbərliyin biləcəyi işdi, biz nəsə deyə bilmərik. Ancaq düşünmürəm ki, Şahin  Diniyev kimi məşqçini yollasınlar.

– Siz öz çıxışlarınızı necə qiymətləndirirsiz?
– Bildiyiniz kimi, bir müddət futboldan uzaq qaldım. Bunun nəticəsi olaraq da, “Rəvan”a gələndə çətinlik çəkirdim. Ancaq şükürlər olsun ki, indi hər şey qaydasındadı, mən də çalışıram özümü yaxşı tərəfdən göstərim.

– “Bakı” ilə müqavilənin mövsümün sonunadək qüvvədə olmasına baxmayaraq, kapitanı olduğunuz komandada sizi əvəzedici heyətə göndərdilər. Oradan da “Kəpəz”ə getdiz. Bir ara, hətta Türkiyəyə gedəcəyiniz haqda söhbət gəzirdi , amma alınmadı…
– Bunlar hamısı təbii haldı. Futbolçunun həyatında hər şey baş verə bilər. Belə alındı. Nə deyə bilərəm ki?! İnşallah yaxşı olar. Keçmiş komandamla növbəti oyuna da adi qaydada hazırlaşıram.

RÖYA KƏRİMLİ

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp