1-ci Divizionda çıxış edən "Turan-T"nin maliyyə böhranı ilə üzləşməsi hər kəsə məlumdu. Futbolinfo.az xəbər verir ki, dünən komandanın əsas heyətində top qovan futbolçular buna etiraz edərək "Bakılı" ilə oyuna çıxmaqdan üz döndərmişdilər.
 
Futbolçular maaşlarını tələb edir, rəhbərlik isə susurdu. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün klub prezidenti Namiq Məstanovla danışmaq qərarına gəldik. Dünən günorta danışmağa imkanı olmayan Məstanov axşam bizimlə əlaqə saxladı. Toydan qayıdan klub prezidenti suallarımızı cavablandırdı:
 
– Namiq müəllim, komandanızın aparıcı futbolçuları "Bakılı" ilə oynamaqdan üz döndərib və aşağı yaş qruplarında oynayan yeniyetmə futbolçular meydana çıxıb….
– Bunun nəyi pisdi ki? Biz gənclərə şərait yaradırıq ki, çıxıb oynasınlar. İnandırım sizi, azarkeşlər o yeniyetmələri daha ürəkdən dəstəkləyirdilər.
 
– Əsas heyət maliyyə probleminə görə oyundan imtina edib…
– Hər ailədə söz-söhbət olur.
 
– Amma futbolçuların maaşı neçə aydı ki, ödənilmir…
– Bilirsiniz, hər bir klubda maliyyə problemi olur. Tək bizdə deyil və mənə elə gəlir ki, bu, elə də böyük problem deyil.
 
– Maaşa görə oyuna çıxmaqdan imtina etmək kiçik problem deyil axı…
– Mən sizə bir şey deyim. Burda problem tək maliyyə məsələsi deyildi, başqa söhbətlər də var. Mən hazırda bu məsələləri araşdırmaqla məşğulam. Təxribat xarakterli məsələlər var. Əgər sən futbolçuya deyirsən ki, "sabah gəl maaşını al", futbolçu isə cavabında "mən bu gün oyuna çıxmıram" deyirsə, mən bunu başa düşə bilmirəm.
 
– Siz futbolçulara "gəlin maaşınızı alın" demisiniz?
– Bəli, bəli… “Sabah gəlin maaşlarınızı götürün" demişəm.
 
– Qeyd etdiniz ki, problem tək maliyyə deyil. Mətbuat isə rəhbərliyi günahlandırır, sizə təzyiq edilir…
– Nə təzyiq göstərə bilərlər ki, mənə?! Yenə deyirəm, əgər bir ailədə problem varsa, günahkar ailə başçısıdı.
 
– Qəbul edirsiz ki, günahkar sizsiniz?
– Yox mən günahkar deyiləm.
 
– Bəs maaşların ödənilməməsinin səbəbkarı kimdi?
– Bilirsiniz, bir qatil cinayət üstündə yaxalandığı zaman məhkəmə qərarı olmadan ona "cinayətkar" demək olmaz. Onu "təqsirləndirilən şəxs" adlandırırlar.
 
– Maliyyədən başqa problemlərin olduğunu dediniz…
– Var, amma mən də dəqiq bilmirəm, araşdırıram. Dəqiqləşdirmədiyim bir şeyi deyə bilmərəm. Məsələn, mən başqa şey düşünərəm, amma ola bilər ki, bu başqa cür olsun. Tam təsdiqini tapmayan məlumatlar var. Ona görə hansısa bir ifadəni işlədərək günah qazanmaq istəmirəm.
 
– Klub rəhbəri kimi söz verirsiniz ki, bu həftədən hər şey qaydasında olacaq?
– Bəli. Yenə deyirəm ki, elə bir ciddi problem də yoxdu. Bu məsələ həftənin birinci günü (bu gün) öz həllini tapacaq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp