"Neftçi"nin futbolçusu Bahodir Nasimovun futbolinfo.az saytına müsahibəsi

– Superkubokda komanda əzəli rəqibinə məğlub oldu. Qalibiyyətə nə maneə oldu?

– Meydança yaxşı vəziyyətdə deyildi. Düzdü, hər ikimiz eyni meydanda oynayırdıq. Amma "Xəzər Lənkəran"ın hücumları daha yaxşı alınırdı.

– Bu məğlubiyyətdən sonra baş məşqçini istefaya göndərmək ədalətli idimi?

– Bunu rəhbərlik həll edir. Mən qarışa bilmərəm.

– Məğlubiyyətdə Tərlan Əhmədovun günahı var idi?

– Tək məşqçi yox, futbolçuların da yetərincə günahı var idi.

– Artıq komandaya yeni baş məşqçi gəlib. Daha öncə Nazim Süleymanov barədə bilginiz var idimi?

– Əlbəttə Nazim Süleymanovu futbolçu kimi də tanımışam.  "Alaniya"da oynadığı vaxtları xatırlayıram. Özbəkistanda bir məşqçi var (Mircəlal Qsımovu nəzərdə tutur – red.) onunla birlikdə oynayıb. Necə hücumçu olduğunu bilirəm. Bombardir olub.

– Son turda komanda Süleymanovun debütündə "Simurq"a da qalib gələ bilmədi…

– Bir çox qol şanslarımız olsa da, son nöqtəni qoya bilmədik. Bir az bəxtimiz də gətirmədi.

– Tez-tez zədələnirsən. Bəlkə səni həkimlər düzgün müayinə etmir?

– Yox, əməliyyatdan sonra  əvvəllki zədəm tam sağalıb. "Xəzər Lənkəran"la oyunda qapıçı ilə toqquşmadan sonra belim zədələndi. İndi özümü yaxşı hiss edirəm. Formadayam.

– Uzun müddətdi "Neftçi"dəsən, Arif Əsədəov, Böyükağa Ağayev, Tərlan Əhmədov kimi məşqçilərlə işləmisən, indi də Nazim Süleymanovun rəhbərliyi altında çalışırsan. Bu məşqçiləri necə xarakterizə və ya müqayisə edərdin?

– Müxtəlif oyun taktikaları, hərəsinin özünə görə adı var. Müqayisə etmək istəməzdim. Mənim üçün hamısı əzizdi. Pisliklərini görməmişəm.

– Növbəti tur "Xəzər Lənkəran"la çətin oyununuz var. Komanda necə hazırlaşır?

– Çox ciddi hazırlaşırıq. Qalib gəlmək istəyirik. Superkubokdakı nəticənin təkrar olunmasına imkan verə bilmərik.  Yüz faiz yox, iki yüz faiz qalib gəlmək üçün meydana çıxacağıq.

– Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?

– Hələ finişə çox var. Qalib gəlib xal yığmalıyıq. Düşünürəm ki, şansımız çoxdu.

KƏMALƏ İSMAYILOVA

Shares: