Günlərini məqşdən çox sosial şəbəkələrdə keçirən futbolçular artıq şəkilləri ilə yanaşı internetdə yazdıqları şərhlərlə də gündəmə gəlir. Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin hücumçusu Cavid İmamverdiyev lap ağ edib, “Facebook”da onun şəklinə şərh yazan azarkeşə hədə-qorxu gəlib.

Məsələ ondadı ki, ötən mövsümün ən yaxşı oyunçusu seçildikdən sonra ulduz xəstəliyinə tutulan yarımmüdafiəçi Kiyev “Dinamo”sunun əvəzedici heyəti üçün seçimlərdə bəyənilməməklə biabır oldu. Bəlkə elə buna görədi ki, futbolçu ovaxtdan etibarən oyununu da itirib. İndi onu “Neftçi”nin heyətində ümumi ansamblı korlayan skripka kimi görürük. Məhz buna görə yığmaya da həsrət qalan futbolçu necə depressiyadadısa, az qala özündən başqa hamını günahlandırır.

Artıq bir neçə oyunda Cavid İmamverdiyev  zəif oyunu ilə diqqət çəkir. “Simurq”la oyunda  isə yenə zəif çıxış edən və bir epizodda topu boş qapıya göndərə bilməyən autbolçu azarkeşlərin də səbr kəsasını daşırdı. Oyun ərzində tənqirlərə məruz qalan futbolçu fanatlardan “boş qapı kralı” ləqəbini də aldı.

Bəlkə də elə buna görə əsəbləşməsinin nəticəsidi ki, o, “Facebook” da Emil Niyazov adlı azarkeşlə tutaşıb. İmamverdiyevin paylaşdığı fotoya “boş qapı” adlı rəy yazması futbolçunu qəzəbləndirib. Oyunda azarkeşləri təəssüfləndirən gənc futbolçu üzr istəyərək onların könlün almaq əvəzinə, çıxış yolunu onların şərhlərinə hədə-qorxu ilə cavab verməkdə görüb. Emilə cavabında yazıb ki, “Ayə Emilsən nəsən qəşəng söz deməmiş ağıllı ol”. Daha sonra isə şərhlər artıb. Bu dəfə digər azarkeşlər Cavidi hədə-qorxu gəldiyinə görə sıxışdırmağa başlayıblar. Ürəyi bununla soyumayan Cavid bu dəfə Emil Niyazovun  profilinə daxil olaraq , onun şəkilinə daha da sərt şəkildə şərh yazıb: “Sən biraz ağıllı olsan yaxşı olar. Yoxsa mən ağıllandırmalı olacam. Sənə kim icazə verib ki, mənim şəklimə şərh yazasan. Ağıllı ol, get işinlə məşğul ol”.

Təbii ki, bu, adi hadisə kimi görünə bilər. Amma futbolçunun boynuna bir çox öhdəliklər düşdüyünü nəzərə alsaq, onun kiminləsə bu tonda danışması yolverilməzdi. Hətta əsəbi olması belə futbol ictimaiyyətinin gözü önündə olan, “Neftçi” kimi tarixi olan klubun formasını geyən, mill komandaya namizəd olan Cavidin davranışına diqqət yetirməməsinə səbəb ola bilməz.

Bu məsələdə klubun da günahı var. Mahir Şükürov Qəbələdə azarkeşlərə qeyri-etik jest edəndə, Saşa Stamenkoviç bir neçə matçda rəqibi qıcıqlandıran yersiz davranışlara yol verəndə onların qulağı çəkilsəydi, bu, Cavidə də ibrət olardı.

Olaydan xəbər tutan kimi gün ərzində Cavidlə əlaqə saxlamağa cəhd etdik. Lakin İmamverdiyevi tapmaq mümkün olmadı. Klubdan isə bu məsələylə bağlı ölçü götürəcəklərini, futbolçunun fikirlərinin rəsmi saytda yerləşdiriləcəyini bildirdilər. Ancaq azyaşlı azarkeş Emil Niyazovu elə “Facebook” vasitəsi ilə tapdıq.  O, açıqlamasında bildirdi ki, “Neftçi” azarkeşidi: “Dostum Cavidin şəklini bəyənmişdi deyə, mənim səhifəmə də gəldi. Mən də “Simurq”la oyunda Cavidin boş qapıya top vura bilməməsinə görə əsəbləşmişdim. Elə daxil oldum o şəkilə “Boş qapı” yazdım ki, bəlkə etdiyi səhvdən dərs çıxara. Ancaq qarşılığında Cavid həm öz şəklində, həm də mənim profilimdəki şəkilə daxil olaraq hədə-qorxu dolu şərh yazdı. Ancaq nə özəldə mesaj yazmayıb, nə də başqa bir yerdə. Elə gördüyünüz şərhlərdi”.

Shares: