Məlum qadağa üzündən şənbə günü baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” oyununda qonaq azarkeşlər olmamalıdı. Amma maraqlıdı, bu, mümkün olacaqmı? Görəsən lənkəranlıların arenaya girişinin qarşısı necə alınacaq. Məsələyə ölkənin aparıcı idman jurnalistlərinin münasibət bildirməsini istədik.
Ceyhun Əliyev ( “Het-trik news” qəzetinin əməkdaşı): “Anormal qərardı. Qərar çıxarılıb, nəzarəti kim edəcək? Deyək ki, 500 lənkəranlı azarkeş eyni sektora biltet aldı. Köynəyinin altından da "Xəzər"in maykalarını geyindi. Tribunada yerini tutduqdan sonra üst paltarı çıxardı və məlum oldu ki, bu, lənkəranlılardı. Nə edəcəklər? Oyunun gedişatında fanatları stadiondan zorla çıxaracaqlar? Bu, daha böyük qalmaqala səbəb olacaq. Allah işlərini avand eləsin”.
Saleh Arslan (Korner.az saytının baş redaktoru): “İntizam Komitəsi bu qərarla özünə və hüquq-mühafizə orqanlarına sərf edən variantı seçdi. Bir qrup radikal fanatın güdazına gedənlər düşünmədən qərar verdilər. Amma stadiona girənləri necə müəyyən edəcəklər ki, kim "Neftçi" azarkeşidi, kim, "Xəzər Lənkəran"? Onsuz da tribunalar tam dolmur ki, meydan sahibi komandanın azarkeşlərini özləri müəyyən etsinlər. Tutaq ki, "Xəzər Lənkəran" azarkeşləri öz aralarında sözləşdilər, komandanın formasıyla, bayrağıyla yox, "əliyalın" getdilər stadiona və "Neftçi" azarkeşləriylə üzbəüz tribunada yer tutdular. Və başladılar komandalarına dəstək şüarları səsləndirməyə. Nə edəcəklər? Çıxaracaqlar onları stadiondan? Absurd bir şeydi və gərək AFFA bu qərar bumeranq effektli əks-zərbəyə çevriləndə "niyə belə oldu" deməsin, dedirtməsin”.
Rəşad Ergün (“Komanda” qəzetinin baş redaktoru): “Əla qərardı. İntizam Komitəsi tarixi ərzində bu qədər ağıllı qərar qəbul etməyib. O ki qaldı azarkeşlər arasında lənkəranlıları aşkarlamağa, söyüş qoymaq lazımdı ki, "Xəzər Lənkəran" azarkeşi olub stadiona başqa ad altında girən filan-filan olsun. Bu söyüşü yekə hərflərlə yazıb, stadionun giriş qapılarının yanına vurmaq lazımdı. Onda əminəm ki, içəri heç bir "Xəzər Lənkəran" azarkeşi girə bilməyəcək. Təbii ki, bu, bir zarafatdı”.
Səbuhi Nərimanoğlu (“Futbol+” qəzetinin əməkdaşı): "Münasibətim belədi ki, əvvəla bu qərarın qəbul edilməsinin bir sıra səbəbləri var. Şübhəsiz, həmin səbəblər də futbol ictimaiyyətinə məlumdu. Yəni, bu qərarın qəbul edilməsinin əsas günahkarları elə azarkeşlərdi. Ona görə də hazırkı məqamda İntizam Komitəsinin addımını normal və haqlı sayıram. Azarkeşlik sağlam rəqabət tələb edir, daha gedim kimisə vurum öldürüm, yaxud, zərər yetirim – bu, düzgün deyil. Oyun zamanı lənkəranlı azarkeşlərin qarşısının alınmasına gəlincə, məncə, bunu tam şəkildə həyata keçirə bilməyəcəklər. Mümkündü ki, hansısa fanklubu, yaxud azarkeş kütləsini və ya kimlərisə içəri buraxmasınlar. Amma istənilən halda stadionda "Xəzər Lənkəran" azarkeşi olacaq və tribunalardan komandasını dəstəkləyəcək".
Səxavət Qurbanov (İdmanxeber.com saytının baş redaktoru): “Ümumiyyətlə, bu qərar absurddu. İlk öncə onu qeyd edim ki, bu cür qərar verərkən futbolun səviyyəsinə baxıb etmək lazımdı. Onsuz da azarkeş cəhətdən problem var, indi də bu qərar yara təzələyir. İnanmıram ki, bu qərara görə kimsə davransın. XL azarkeşləri klublarının atributlarını götürməsələr, arenaya sıravi bir azarkeş kimi gedib, sonda oyunu izləyə bilərlər”.
Elgiz Abbasov (Futbol11.az saytının baş redaktoru): “Mənə elə gəlir ki, bu qərara fərqli yanaşmaq lazımdır. Məsələ burasındadır ki, "Neftçi" Lənkərana fan-klub apara bilməz, "Xəzər Lənkəran" isə Bakıya fan-klub gətirə bilməz. Yəni, oyunlar zamanı rəqib azarkeşlər üçün sektor ayrılmayacaq. Amma indiki məqamda Azərbaycan futbolunda sektor anlayışı yoxdu. Hətta ən çox azarkeş gələn Lənkəranda da sektorun önəmi yoxdu. Odu ki, bu qərar Azərbaycan futbolunun reallığı ilə uzlaşmır. Mənə elə gəlir ki, oyunda lənkəranlı azarkeş olacaq. Sadəcə, onlar qrup halında fəaliyyət göstərməyəcəklər. Mən adi vətəndaş kimi oyuna gedirəm. Nəzarətçi haradan biləcək ki, mən hansı kluba azarkeşlik edirəm. Amma bəzi Avropa ölkələrində biletlər şəxsiyyət vəsiqəsi ilə satılır. Və bu zaman kimin kim olduğu ortaya çıxır. Bu mənada İntizam Komitəsinin azarkeşlə bağlı qərarı absurddu. Yəni heç kim təminat verə bilməz ki, stadionda lənkəranlı fanat olmayacaq”.





