“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibəsində klubdakı işi, Rusiya və Türkiyə çempionatlarına marağı haqda danışmaqla yanaşı, Azərbaycan yığmasının ən yaxşı oyunçularının adını çəkib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Azərbaycan – Rusiya matçına gələcəksiz?
– Mütləq!
 
– Nə hiss edirsiz?
– Psixoloji baxımdan komandalar qapanmayacaq. Buna görə də fövqəladə vacib tapşırığın yerinə yetirilməsi üçün daha maraqlı futbol göstərəcəklər. Amma asan oyun olmayacaq.
 
– Rusiya yığmasının ustalıq baxımından daha üstün olmasına rəğmən?
– Bəli. Azərbaycan 90-cı illərdə çox çətin dövr yaşayıb. İqtisadiyyat və siyasət bütöv bir idmançı nəslinin inkişafını əngəlləyib. Ölkədə Banişevski, Tuayev kimi ustalar yoxdu. Amma onların peyda olması üçün əlamətlər var. Klublar və federasiya bu yöndə çox iş görürlər. Siz özünüz Qəbələdə olan infrastrukturu görmüşünüz. Akademiya, meydan, komandanın yaşadığı gözəl mehmanxana. Sonralar “Qəbələ”nin mütləq öz bazası olacaq. Bütün bunlar tezliklə yüksək səviyyəli futbolçuların axınına ümid verir.
 
– Azərbaycanda Rusiya Premyer Liqasında itib-batmayacaq oyunçular var?
– Şübhəsiz! Həm oyunçular və həm də məşqçilər var.
 
– Limit sizi “boğur”?
– Problem var. Burada meydanda dörd azərbaycanlı olmalıdır. Onlardan biri 19 yaşından cavan. Yəni, onu əvəzləyirsənsə, digər gənc oyunçu ilə əvəzlənməlidir. Gəl, düşün. Hazırlığa diqqət elə, Əvəzedicilər yoxla. Hara gedəsən? Həftədə bir dəfə əsas heyətlə əvəzedicilər arasında oyun təşkil edirəm. Ən yaxşı ehtiyat oyunçuları birinci komandaya götürürəm.
 
– Azərbaycanda əvəzedicilərin çempionatı var?
– Hər şey bizdəki kimidi. Amma 10 komanda dörd dövrədə yarışır.
 
– Bu komandalardan yeddisi Bakıda oynayır…
– Paytaxta tez-tez gedirik. Amma bu, Vladivostokdan uçuş deyil axı. Avtobusla üç saat. Lənkərana isə beş saat.
 
– Niyə Şimali İrlandiya ilə oyunda Bakının on bir minlik stadionu tam dolmamışdı?
– Yığma çoxdan idi ki, qələbə qazanmırdı. Buna görə də camaat yığmanın uğurunu bir az ehtiyatla gözləyir. Amma Rusiya ilə oyuna bu, aid deyil. Stadionda boş yer olmayacaq.
 
– Sizcə Azərbaycan yığmasının oyununu kim müəyyən edir?
– Qapıçı Kamran Ağayev – sabit və güclüdü. Hücumçu Rauf Əliyev. Yarımmüdafiəçi Araz Abdullayev. Müdafiəçi Rəşad Sadıqov.
 
– Bəs “Rubin”dəki Ruslan Abışov?
– O da bu siyahıdadı.
 
– Siz doğrudan onu “Rubin”dən ələ keçirmək istəyirsiz?
– Biz komandanın azərbaycanlılar qanadını gücləndirməyin əleyhinə deyilik.
 
– “Qəbələ” öz sahibinə il ərzində hansı məbləğə başa gəlir?
– Dəqiq məbləğ deyə bilmərəm. Əgər müqayisə etsək, yəqin ki, biz Rusiya Premyer Liqasının aşağı səkkizliyinin komandalarına yaxınıq. Ancaq ortabab Azərbaycan klubunun büdcəsi düşünürəm ki, 10 milyon dollar olar. Düzdü, bura əməkhaqqılar aşağıdı və uçuşlar yoxdu. Bununla belə, bütün tələblər sahibkarlar tərəfindən vaxtında və tam həcmdə həyata keçirilir.
 
– Azərbaycanda Rusiya çempionatına maraq var?
– Bəli, bizim liqaya burada baxırlar. Ancaq Türkiyə Super Liqasına daha həvəslə baxırlar.
 
– Siz də baxırsınız?
– Əlbəttə.
 
– Azərbaycanda futbolla bağlı olmayan nə xoşunuza gəlir?
– Çox gözəl mehmanxanalar, spa-proseduralar, hamamlar, trenajor zalları, tennis kortları. Çay əlbəttə, və ən nəhayət heyranedici Azərbaycan plovu. O özbək plovundan az yağlıdı. Müasir Bakı isə yəqin ki, ikinci Əmirliklərdi.
 
– Qəbələdə darıxdırıcı deyil?
– Darıxanda evə uçuram. Ya da yaxşı futbolu seçirəm. Yeri gəlmişkən, Braziliyaya dünya çempionatına getmək üzərində çalışıram. Ora mehriban bir dəstə getməyə hazırlaşırıq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp