Futbol üzrə Rusiya yığmasının müdafiəçisi Vasili Berezutski ölkəsinin mətbuatına müsahibəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Lüksemburqda nisbətən asan qələbə qazandınız. Azərbaycan iki dəfə Lüksemburqla heç-heçə oynayıb. Bu o deməkdi ki, Bakıda da hər şey yaxşı olacaq, yoxsa bu iki yığma bir-birindən prinsipial fərqlənir?
– Əlbəttə, fərqlənirlər. Azərbaycanlılar fərdi baxımdan çox güclüdülər. Amma Lüksemburq mənə daha mütəşəkkil göründü: onlar hətta böyük hesabla məğlub ikən eyni sxemə sadiq idilər. 0:4 hesabına baxmayaraq komanda dağılmadı. Mənə elə gəlir ki, azərbaycanlı oyunçular meydanda asudəliyə daha meyllidilər.
 
– Moskva görüşü sizin bu fikrinizi təsdiqləmir. Azərbaycanlılar bu oyunu çox intizamlı keçirdilər. Düzdü, çətin ki, evdə onlar cərimə meydançasında “avtobusla” müdafiə olunsunlar…
– Bu, bizə sərf edir. Digər tərəfdən, azərbaycanlıların oyuna köklənməsi Lüksemburq komandasından fərqli olacaq. Çox güman ki, dəridən-qabıqdan çıxacaqlar.
 
– Bakı mətbuatı yığmalarının qələbəsi təqdirində vəd olunmuş rekord mükafat haqda iştaha ilə danışır…
– Bax bu, bizə heç aid deyil. Niyə bunu car çəkirlər, nəyə nail olmaq istəyirlər, öz işləridi. İstənilən məbləği vəd etmək olar. Ancaq pul meydanda vəziyyəti əminəm ki, prinsipial baxımdan heç vaxt dəyişmir. Əgər üçüncü liqa oyunçularına milyon vəd etsələr onlar “Barselona”nı udacaqlar?
 
– Bu, elədi. Ancaq bizim halda səviyyə fərqi elə də çox deyil. Təsəvvür edin ki, rəqib doğrudan da fövqəladə köklənmiş olsun. Bəs onda? Oyunun nəticəsi üçün həyəcan yoxdu ki?
– Yox, çünki biz də pis köklənməyəcəyik. Bizim qarşımızda yüz min dollarlıq vəd yox, dünya çempionatında iştirak qoyulub. Bu, istənilən puldan qiymətlidi.
 
– Yığmanın Bakıya ötən səfərində siz yox idiniz…
– Bəli, evdə qalmışdım. 39 dərəcə qızdırma ilə. Bakıda ÇSKA ilə olmuşam. Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi” ilə görüşürdük. Amma nəyisə müqayisə etmək mənasızdı. O vaxtdan çox sular axıb.
 
– Bəs komandamızın bu mərhələdə evdə Azərbaycan yığması ilə oyunda çətinlikləri barədə nə deyə bilərsiniz?
– Rəqib çox yaxşı müdafiə olunurdu. Biz isə Portuqaliya ilə çətin oyundan sonra heç də yaxşı halda deyildik. Əsası, biz qalib gəldik.
 
– Bakıda oynayacaqsınız? Axı Bazar günü siz ümumi qrupda işləmirdiniz…
– İşləmirdim, çünki bərpa olunurdum. Oynamağa hazırlaşıram. Ancaq son söz məşqçinindi.
 
– Sonda soruşmaya bilmərəm: oyunçular başa düşürmü ki, dünya çempionatına çıxış şansını itirsələr, onlar tarixə düşəcəklər? Doğrusu, tarixə həkk olunacaqlar…
– Əlbəttə. Ancaq biz pis şeylər haqda düşünmürük. Bu, ancaq mane olur.
 
– Bu pis şeylərdən mümkün qədər sığortalanmaq üçün nə etmək lazımdı?
– Meydana tam toparlanmış halda çıxmaq lazımdı. Hamı gözəl başa düşür ki, bu oyun bizim iki illik işimizin yekun nəticəsi olacaq. Bunu şəxsi qeyri-mütəşəkkillik ucbatından boşa vermək səfehliyin zirvəsi olardı. Biz öz gücümüzü bütünlüklə verməyə hazırıq. Hətta 100 deyil, 120, 150 və hətta 200 faiz ki, dünya çempionatına getmək arzumuzu reallaşdıraq. Azarkeşlərə belə də çatdırın.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp