Xəbər verdiyimiz kimi, bu gün Topaz Premyer Liqasının 12-ci turunun açılış matçında “Bakı” doğma divarlar arasında “Simurq”u qəbul etdi. Futbolinfo.az xəbər verir ki, bu görüşün ilk yarısında maraqlı hadisə baş verib.
Belə ki, zədə səbəbindən komandasının son oyunlarını buraxan, bu görüşü də kənardan izləyən yığmamızın qapıçısı Kamran Ağayev birinci hissənin gedişi zamanı meydanın qonaqlara aid hissəsində aut xəttinə qədər yaxınlaşıb. Reklam lövhəsinin yanından komanda yoldaşlarına göstəriş verən Kamrana nə AFFA nümayəndəsi, nə də hakimlər müdaxilə ediblər.
Qarşılaşmadan sonra bu məsələyə matçın AFFA nümayəndəsi Sakin Məmmədzadədən münasibət öyrəndik. O, Kamranın etdiyi hərəkəti belə şərh etdi:
“Kamran meydana girməmişdi. Əgər meydana girsəydi, onda baş hakiim oyunu şaxlardı. Meydanın kənarına qədər irəliləməsinə gəlincə, mən onu çağırdım, özüylə söhbət etdim. Xəbərdarlıq olundu. Xəbərdarlıqdan sonra Kamran tribunaya göndərildi. Əgər xəbərdarlıqdan sonra yenə təkrar olunsaydı, cəza tətbiq olunardı”.





