Xəbər verdiyimiz kimi, bu gün “Bakı” Madrid “Atletiko”sunun futbol akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü futbolçuları mətbut nümayəndələrinə təqdim edib. Futbolinfo.az xəbər verir ki, tədbiri klubun icraçı-direktoru Yaşar Seyidov açaraq qonaqları salamladıqdan sonra layihə haqda fikir bildirmək üçün Gənclər və İdman naziri Azad Rəhimova söz verib:
“Hafiz Məmmədova və “Bakı”ya dəvətə görə çox sağ ol deyirəm. Bu, cənab prezidentimiz İlham Əliyevin “Azərbaycanda futbolun inkişafına dair 2005-15-ci illər dövlət proqramı”na verilən dəstəkdi. Hər kəs inkişaf üçün azyaşlı futbolçuların Avropanın aparıcı futbol akademiyalarına göndərilməsini vacib sayır. Bu da həmin yöndə atılmış əməli addımdı. Hazırda 14 yaşlı futbolçuların ən yaxşıları İspaniyaya yola düşmək üzrədi. Siz orda futbolçu olmaqdan əlavə, Azərbaycanı təmsil edəcəksiz. Odu ki, ölkəmizin tarixi, mədəniyyəti haqda sual verəndə donub qalmamalısız. Eyni zamanda nizam-intizama ciddi riayət etməlisiz. Bir sözlə, tənbəl olmasaz, çox irəli gedəcəksiz. Madrid “Atletiko”su və “Lans”ın formasında 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarına aid loqonun yerləşdirilməsinə gəlincə, bu Hafiz müəllimin təşəbbüsüdü. O özəl müəssisə sahibidi, istəsəydi, bu təklifi verməzdi. Ancaq ölkəmizin tanıdılması üçün bu niyyətini bildirdi. Hələ ki, möhtəşəm idman tədbirinin loqosu hazırlanır. Noyabrın 23-də təqdim olunacaq loqonu hazırda yerli dizaynerlərdən biri hazırlayır”.





