Topaz Premyer Liqasinda düz bir dövrəni geridə qoymusuq. Yalanların, bəhanələrin, səhvlərin də bir dövrəsi getdi.
“Qarabağ” zivədədi, alın tərinin, zəhmətinin nəticəsində. Elə “Sumqayıt”ın zirzəmidə olması da alın tərinin məhsuludu… Komandada da elə ab-hava var ki, sanki elə bu yer üçün yarışırlar. “Rəban” da autsayderdi, ancaq bu komandanın artıq 2 dəfə məşqçi dəyişib – keflərindən yox, uğursuzluqla barışa bilmədiklərindən. Ola bilsin haradasa düzgün etməyiblər, amma heç olmasa səhvlərdlən dərs alır, sud gölünde batmamaq üçün çabalayırlar ki, bəlkə südü yağa çevirib salamat qaldılar. Güman ki, Şahin Diniyevin gəlişindən sonra onlarda nə isə alınacaq.
Elə “Xəzər Lənkəran”da da deyəsən, Sumqayştdakı kimi düşünürlər. Əks halda Con Toşakın dediklərinin bəhanə olduğunu çoxdan anlayardılar. Rumınlar gedib, amma cənubda hələ də qaraçı qanunları dəbdədi. Nə bilim tilsimə düşüblər, top qapıya getmir və s. Toşak isə hər uğursuz oyundan sonra mətbuat konfranslarında karyerasından məqamlar danışır, baş qatır. Guya ki, əslən şotland olan uelsli 35 illik karyerasında belə şey görməyib və daha nə bilim nələr. Belə getsə, heç Toşakın karyerası 35 ildən çox olmayacaq. Yeyəcək ləvəngi, qalacaq həvəngi…
“İnter”də son oyunlar gərginliyi bir qədər azaltdı, amma inanın bu mövsüm ancaq qalmaqalları ilə yadda qalan Kaxaber Tsxadadzenin də getmək zamanı çatıb. Fərq ondadı ki, yerli məşqçilərin 2-3 məğlubiyyətdən sonra qovulduğu ölkəmizdə əcnəbilərə münasibət fərqlidi. Belə ki, gürcü uğursuz çıxışın mukafatı kimi yeni müqavilə ilə şərəfləndirildi. Halbuki onun ölkəmizdə işlədiyi müddətdə “Simurq”un hədiyyə etdiyi xalları çıxsaq, “bankirlər” heç ilk üşlüyə düşməzdi. Kaxa yaxşı məşqçidi, amma artıq köhnə patefonda iynəni də dəyişməyin vaxtı çatıb.
“İnter”in mane olmadığı vaxtda “Simurq”un çıxışını normal saymaq olar. Mövcud heyət və şərtlərlə Zaqatala klubunun çıxışı qənaətbəxşdi. Bayram mövsümün sonunda olacaq, avrokuboka vəsiqələr bölüşdürüləndə. O zaman rəhbərlik bir bulaqdan su dolduran iki nazlı mələyin hansının canının sulu olduquna baxacaq ki, el dəbi ilə biri o birisinin qapısına elçi getsin. Oğlanla qız bir evdən olduğu üçün qonşular da bilməyəcək.
“Xəzər Lənkəran”la “İnter”in sağ qulağını sol əlı ılə qaşıdığı bir zamanda liderlər qrupunda qərarlaşanlar bir qədər rahatlayıb. “Qarabağ” güclüləri udub ortabablara xal paylamaqla liderdisə, “Neftci” əsasən zəiflərlə görüşlərdə büdrəyir. Təsadüfi deyil, bakılılar son üç pillənin sahibləri ilə xal bölüb. 6 turluq şans verilən Tərlan Əhmədov isə sanki tikan üstə əyləşib. “Neftçi”nin hər uğursuz oyunundan sonra telefona baxır ki, gorum Sadıq Sadıqovdan mesaj gəlməyib. Əslində, “Neftçi”yə baş məşqçi də lazım deyil. Əhmədovla baş məşqçi kimi müqavilənin rəsmiləşməməsi  bir yana, Arif Əsədov və Boyukağa Hacıyevin zamanında da buna şahid olduq. Ona görə də o postda kimin əyləşməsinin “Neftçi”yə dəxli yoxdu.
“Qəbələ” Yuri Syominin gəlişiylə iddialıya çevrilsə də, Ramiz Məmmədovun vaxtından qalma xəstəlikdən qurtula bilmir. Bu komanda sanki sabit oynamamaq üçün and içib. Ona görə də əyalət klubu zirvəyə qalxan kimi sanki yüksəklikdə havası çatmır. Ya da atmosfer təzyiqi onları göydən yerə vurur. Ola bilər ki, Syomin bu işə bir əncam çəkəcək. Ancaq “Qəbələ”nin əvvəlki mövsümlərdəki komandadan ciddi şəkildə fərqlənmədiyi dəqiqdi.
Döyuş atı olan AZAL yorğa yerimek zamanı gələn kimi nalını tökür. Vaqif Sadıqov hər nə qədər  yaxşı nalbənd olsa da, cıdırda fərasətsizdi. Startı yaxşı göturub finişə yaxın əldən düşən atla uzun yola çıxmaq olmaz.
Hələlik yalnız “Rəvan” məşqçi dəyişdirsə də, “Xəzər Lənkəran” və “İnter”lə yanaşı “Bakı” da bu addımı ata bilərdi. Hər halda start uğursuzluğundan sonra Milinko Pantiçin kreslosu laxlayırdı. Ancaq 1-2 yaxşı nəticədən sonra problemlər unuduldu. Bəli, həll edilmədi, unuduldu. Hafiz Məmmədovda fil səbri var, yəqin ki, o yenə də Bandoviç və Şefer kimi serb məşqçinin də nazını çəkəcək, ancaq mən indidən deyirəm Pantiçdən nəsə gözləməyin. Bu adamın qəribə oyunçu seçimləri bir yana, heç “Bakı”nın oyununa nəsə qata da bilməyib. Onun son mətbuat konfranslarında uğursuzluqlara tipik Azərbaycan bəhanələri göstərməsi isə sonun başlanğıcıdı. Bu məşqçi üçün tavan 5-ci yerdi. Özünüz görəcəksiz. Lap elə 2-ci dövrədən sonra…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp