"Qarabağ"ın şərəfini qoruyan Qara Qarayev AZAL-la qarşılaşmada meydana çıxacaq. Futbolinfo.az xəbər verir ki, 10-cu turda "Sumqayıt"la (3:0) qarşılaşmada zədələnən Qarayev "təyyarəçilər"lə oyunda forma geyinə biləcək.
 
Gənc müdafiəçi saytımıza açıqlamasında bu barədə danışıb: "Qəbələ" ilə oyun çətin keçdi. 4 qol vurduğumuz oyunda qapımızdan 3 top buraxdıq. Təbii ki, bu futboldu, hər şey ola bilər. Əsas odu ki, qələbə qazandıq və 3 xal ala bildik. Hazırda turnir cədvəlində lider mövqeyindəyik. İnanıram ki, bu liderlik sona qədər davam edəcək. Zədəm artıq sağalıb. Artıq komandayla hazırlıqlara başlamışam. Komanda şəklində məşq edirik. AZAL-la oyunda meydana çıxa biləcəm. Hər şey demək olar ki, öz qaydasındadı".
 
Bundan başqa Qarayev şərəfini qoruduğu 21 yaşlardan ibarət yığma komanda haqda da fikirlərini bildirib: "Çox güman ki, bu turdan sonra millinin toplanışı olacaq. AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Makedoniya ilə görüşümüz var. Millimiz hazırda 4 xalla qrupda 3-cü pillədə qərarlaşıb. İnanıram ki, millidə də istədiyimiz nəticəni qazana biləcəyik".
Shares: