"Azərbaycan” qəzeti futbol üzrə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran "Neftçi” haqda yazı dərc edib. Futbolinfo.az Elçin Cəfərovun qələmə aldığı "Özlərinə deyil, möcüzəyə ümid bəsləyirdilər” adlı məqaləni olduğu kimi təqdim edir:
"İki il əvvəl UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirən "Neftçi" yenidən bu uğuru təkrarlamaq ərəfəsindəydi. Qarşılaşma, eyni zamanda, paytaxt təmsilçimizin yubileyi – 50-ci matçı idi. Bu əlamətdar gündə hamı "Neftçi"dən yalnız qələbə gözləyirdi.
Ot örtüyü bərbad vəziyyətdə olduğundan Tofiq Bəhramov adına Respublika Stadionunda futbolçular ayaqda durmağa belə çətinlik çəkirdilər. Görəsən, belə bir vacib qarşılaşmanı, özü də komandamıza qələbənin hava-su kimi lazım olduğu bir matçı bu arenaya salmağın yanlış olduğunu düşünməyiblər? Yaxud ot örtüyünün vəziyyəti niyə belə acınacaqlıdır?
Oyuna daha fəal başlayan "Partizan" olsa da, ən real qol epizodunu "Neftçi" yaratdı. 5-ci dəqiqədə Araz Abdullayevin zərbəsindən sonra qapıçı sayıq oynadı. Lakin komandamızda müdafiə xəttindəki boşluqlar açıq şəkildə görünürdü. Bunun fərqində olan "Partizan" həmin boşluqlardan lazımınca istifadə etdi. Növbəti hücumların birində Şkuletiç topu ustalıqla qapıya göndərdi.
Qoldan sonra tədricən irəli atılan komandamız bir neçə dəfə top vurmaq imkanına malik olsa da, serblərin qapıçısı Lukaşın əla reaksiyası qol sevinci yaşamağa imkan vermirdi.
Fasilədən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iki əvəzetmə etdi. Bertuççi və Kanalesin meydançaya daxil olması komandaya əlavə güc qatdı. Bunun nəticəsində qurulan hücumlardan birində Vobay hesabı bərabərləşdirdi – 1:1.
Görüşün 66-cı dəqiqəsində Kanalesin sevinməsinə növbəti dəfə qapıçı Lukaş imkan vermədi. Bu azmış kimi, etdiyi kobudluğa görə paytaxt təmsilçisinin hücumçusu Nforun qırmızı vərəqə alaraq meydançadan qovulması ümidləri minimuma endirdi. Görüşün son dəqiqəsində isə belqradlıların heyətində Şkuletiç komandasının və özünün 2-ci qolunu vuraraq "Partizan"a qələbə qazandırdı.
Qoldan sonra əsəblərinə hakim ola bilməyən Ramos və Kaue də rəqibə (topa yox!) zərbə endirdiyinə görə meydançadan qovuldular. Ardınca "Partizan"ın heyətində Şkuletiç də eyni aqibəti yaşadı.
Beləliklə, "Neftçi"nin tarixində 2-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq ümidi boşa çıxdı.
***
İdmanda həmişə qalib gəlmək mümkün deyil! Komandalardan birinin uduzmağı labüddür. Çox vaxt qalib əsas vaxtda müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələrinə ehtiyac qalır.
Düzdür, "Partizan" güclü komandadır. Amma "Neftçi" bu komandaya zəif olduğuna görə uduzmadı! Elə bil özü udmaq istəmirdi. Bunu səfərdə keçirilən ilk oyunda da açıq şəkildə görmək olurdu. 4 qol vurmaq və uduzmaq… Doğrudan da, çox gülməli gəlir. Həm də ona görə ki, 4 qolun 2-sini öz qapısına vurmuşdu!
Hər iki görüşdə "Neftçi"nin belə məsul bir oyuna hazır olmadığı, hətta məşqçinin də öz dəyişikliklərində və oyunçulara verdiyi tapşırıqlarda futbolçuları həvəsə gətirə bilmədiyi açıq-aşkar görünürdü. Möcüzəyə ümid bəslənilirdi, nümayiş etdirilən oyuna yox!
Əlbəttə, məğlubiyyəti təkcə komandanın mövsümə yaxşı hazırlaşmaması ilə əsaslandırmaq diletantlıq olardı. Bu, hamının gördüyü və görə bildiyi məsələdir. Əsas səbəb isə daha dərindədir. Bu, ilk növbədə, düzgün olmayan transfer siyasətinin nəticəsidir. Müdafiə və mərkəz xətlərində zəif nöqtələrin gücləndirilməməsi öz nəticəsini bu iki qarşılaşmada aşıq-aşkar göstərdi.
Ən diqqət ediləsi məqamlardan birinin isə "Neftçi" kimi ölkənin ən titullu komandasının oyuna cəmi 3 yerli və 8 legioner (?!) futbolçu ilə başlamasıdır. Bundan əvvəlki illərdə heç bir səbəb göstərilmədən komandadan getmələrinə şərait yaradılan milli komandamızın aparıcı üzvləri – Ruslan Abışov, Mahir Şükürov, Rəşad Sadiqov kimi təcrübəli futbolçular bu gün faydalı ola bilməzdilərmi?
Komandaya istənilən sayda yaxşı legioner futbolçu transfer etmək olar. Necə deyərlər, puluna minnət… Lakin elə məsələlər var ki, dəyəri maddiyyatla ölçülmür. Vətənpərvərliyi, nizam-intizam və məsuliyyət hissini isə tərbiyə etmək lazımdır!
"Neftçi"nin bu məğlubiyyəti göstərdi ki, son üç amil olmayanda kənardan gətirilən "adlı-sanlı" futbolçuların da köməyi dəymir! Həm də belə futbolçularda vətənpərvərlik hissi də olmur!
Amma paytaxt klubu ən azı yayın bu qızmar günündə bilet alaraq stadiona gələn yerli azarkeşlərin önündə layiqli oyun göstərməyə borclu idi! Lakin "Neftçi" topla yox, azarkeşlərin əsəbləri ilə oynadı. Bir sözlə, yaradılan şəraitə baxmayaraq, "Neftçi" geri gedir… Azərbaycan futbolunda "Neftçi"yə "flaqman" deyilir. Amma srağagünkü iki oyunun özü və nəticəsi də göstərir ki, flaqman elə "Qarabağ" özüdür.
Yekunda onu söyləmək olar ki, bu gün "Neftçi" düzgün aparılmayan transfer siyasətinin, intizamsızlığın, oyunçular arasında intriqaların ucbatından Avroliqada qrup mərhələsindən kənarda qaldı!
Sonda daha bir önəmli məqamı diqqətə çatdırmaq istərdik. Bakıdakı qarşılaşmanı televiziya vasitəsilə izləyən azarkeşlər "Neftçi"nin bərbad oyunu bir yana qalsın, görüşün şərhçilərinin də naşı şərhləri hesabına əlavə əsəb çəkməli oldular. Şərhçi deyəndə ilk olaraq yada futbol düşür və şərhçilərə də qiymət daha çox futbol şərhlərinə görə verilir. Bu səbəbdən nümunələrin futboldan gətirilməsi təbii qarşılanmalıdır. Ən çox narahatlıq doğuran məsələ şərhçilərimizin peşəsinin vurğunu olmamasıdır. Və bir də Azərbaycan dilini zəif bilmələridir. Təəssüflər olsun ki, "Neftçi"-"Partizan" matçını şərh edənlər tamaşaçıları çaşdıran ziddiyyətli fikirlər səsləndirməklə, davamlı olaraq təkrarçılığa yol verməklə tənqid ünvanına çevrildilər".
Qeyd edək ki, "Azərbaycan” qəzeti Milli Məclisin rəsmi orqanıdı.