Fazil Mustafa: “Qərbin “Qızıl top”u elə bir dəyər ifadə etmir”
 
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
 
Çoxdan, lap çoxdan futbol oynayır. Onu ayrı-ayrı meydanlarda, başqa-başqa mövqelərdə görə bilərsiz. Klublar tez-tez formalarında reklam etdikləri şirkətləri dəyişdiyi kimi, onun da imzası indiyə qədər bir neçə dəfə redaktəyə məruz qalıb. Yaxşıdır, ya pis – bu, başqa söhbətin mövzusudur. Ancaq əsas odur ki, hələ də top qovur…
Söhbət deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafadan gedir. O, “FUTPOLitika”nın meydanında da top qovdu…
 
– Fazil Mustafa və Luiş Fiqo – aranızda hansı oxşarlıq var?
– Fiqo başqa tərzdə oynayan futbulçudur. Paulo Rossi üslubuna daha yaxın olduğumu düşünürəm.
 
– Komandanızı dəyişəndən sonra azarkeşlərin qınağına tuş gəldiz?
– Komandanın məşqçisinin vəfatından sonra kapitan dürüst deyildi deyə C qrupuna düşəndə güclülərlə və qaydalarla oynamağı vərdiş halına salanlar azarkeşlərə görə deyil, öz səviyyəsinə uyğun olaraq A liqasında qalmağı tərcih etdilər. Qaragüruhçu azarkeşlər xaricində, bütün sağlam düşüncəlilər hər zaman bizi dəstəklədilər.
 
– Vaxtı ilə daha sərt futbolçu olan Fazil Mustafa niyə birdən-birə astagəl oldu? Sürətiniz azaldı, yoxsa təcrübəniz artdı?
– İndi də sərt futbolçuyam, sadəcə, bunu layiq bildiyim komandalara və adamlara göstərirəm. Sürətimə deyil, təcrübəmə güvənirəm.
 
– Siz, yoxsa Qüdrət Həsənquliyev. Hansınız daha yaxşı “iqrok”du?
– Azərbaycanda tanıdığım bir “iqrok” vardı, onu da axırıncı dəfə Azadlıq 33-də kabinetdə görmüşəm. Qüdrət Həsənquliyevə gəldikdə isə, hesab edirəm ki, yaxşı futbol oynayır.
 
– Pelenin “Mən – Pele” avtobioqrafik kitabını oxumaq üçün minlərlə savadsız braziliyalı öz səyi ilə əlifbanı öyrəndi. Sizin isə 12 kitabınız işıq üzü görüb. Bəs, Fazil Mustafaya görə neçə insan əlifbanı öyrənib?
– Kitabları savadsızlar üçün yazmadığımdan əlifba öyrətmək vəzifəsini də üzərimə götürməmişəm. Təmiz insanlar əlifbanı bilmədən də kitablarımı oxuyurlar.
 
– Əvvəl Mustafayev, sonra Qəzənfəroğlu, daha sonra Mustafa. Bu o deməkdir ki, siz əvvəl müdafiədə idiz, sonra yarımmüdafiəçi oldunuz, indi hücumçusuz? Yoxsa əksinə?
– Ağıllı adamlar futbolçunun hansı mövqedə deyil, necə oynamağına diqqət yetirir. Həmişə meydançada olacağam, ona görə də soyadımı yox, oyunumu izləyib birşeylər öyrənməyə çalışın.
 
– Maaşınızdan razısız? Pulunuzu vaxtı-vaxtında verirlər?
– Əvvəllər kiçik bir klubda oynayırdım. İndi də o komandada qalmış bəzi futbolçular oyunları satdığına görə, şükürlər olsun ki, uzaqlaşdım. Millini təmsil edirəm. Maaşa deyil, Vətən üçün oynayırıq.
 
– 2015-ci ildə müqavilənizi yeniləyəcəksiz? Yoxsa komandanı tərk etmək fikriniz var?
– Milli komandada müqavilə ilə oynamırlar. Hər zaman özümüzü yeniləyəcəyik. Ancaq dəlilərin və ölülərin görüşlərində heç nə dəyişmir.
 
– Milli Məclisdə hansı futbolçu sizin oyununuza mane olur?
– Kimliyindən asılı olmayaraq mənim oyunuma mane olmaq çətindir.
 
– İsa Qəmbər də, siz də başqansız. Daha hansı oxşar cəhətləriniz var?
– İkimiz də bir sıra partiya sədrlərdən daha dürüst kimliyə sahibik.
 
– Futbolda deviziniz nədir?
– Ağıllılarla və ağılla oynamaq.
 
– Fazil Mustafanın ən yaddaqalan zərbəsi nə vaxt olub?
– 2000-ci ildə Əbülfəz Elçibəyin arxasınca oyunları satanlara qarşı dəqiq zərbələrim olub. Dostlarınız yaxşı xatırlarlar.
 
– Müharibə şəraitində futbol oynamaq mümkündür?
– Əsl futbol elə müharibə şəraitində oynanılır.
 
– 90 dəqiqə meydanda oynamağa gücünüz çatır?
– Futbol 120 dəqiqə olduğuna görə 90 dəqiqə üçün oynamağı nəzərdə tutmuram.
 
– Əsas vaxtda fərqlənə bilmirsiz?
– Fərqlənmək deyil, qalib gəlmək üçün oynayırıq.
 
– Milli Məclisdə hansı futbolçu sizin oynunuza mane olur?
– Kimliyindən asılı olmayaraq mənim oynuma mane olmaq çətindir.
 
– Əbülfəz Elçibəy, yoxsa Heydər Əliyev? Sizin üçün hansı daha yaxşı futbolçudu?
– Hər ikisi futbolçu yox, yaxşı məşqçi oldu. Fərqli üslubları vardı.
 
– Sıralamanı özünüz tamamlayın. Pele – Maradona, Rəsulzadə – Elçibəy, Fazil Mustafa və?
– Sıralamanı tamamlamağa tələsməyin. Hələ sizləri çox rahatsız edəcəyəm…
 
– Cıdır düzündə, İsa bulağında futbol oynaya biləcəyik?
– Cıdır düzünün, İsa bulağının təyinatı bizdə kabab yemək üçün düşünülüb. Belə baxıram orada o qədər restoranlar açılacaq ki, futbol meydançası salınmayacaq.
 
– Foqtsa nə məsləhət verərdiz?
– Foqts bizə məsləhət verir ki, ona dözümlü yanaşaq. Məsləhət vermək yox, biletini alıb yola salardım.
 
– “Qızıl top”u almaq üçün daha nə etməlisiz? Yoxsa almısız?
– “Qızıl top” deyilən anlayış biz türklərdə “Qızıl Alma” kimi anlaşılır. İnşallah böyük bir birlik modeliylə buna sahib olacağıq. Ona görə də Qərbin “Qızıl top”u elə bir dəyər ifadə etmir. Qoy onu doğrayıb qrant formasında dostlarınıza versinlər.
 
– Meydanda İlham Əliyevin ən güclü rəqibi hansı futbolçudu?
– Belə bir rəqib olsaydı, 20 il müxalifət məğlub vəziyyətdə olmazdı.
 
– Hansı futbolçudan avtoqraf almaq istərdiz?
– Avtoqrafı yazardan alırlar, futbolçudan istəməyin mənasını görmürəm.
 
– Yağışlı havada futbol oynamaq sizə mane olmur?
– Dumanlı olmasın, yağışlı hava futbol üçün daha əlverişlidir.
 
– Formada qalmaq üçün nə edirsiz?
– Formanı saxlamaq üçün mənalı, mənasız sualları cavablandırıram. Çünki bütün sahələrdə, eləcə də meydançada oyunçuların heç də hamısından məntiqli davranış gözləmədiyimə görə, hər şərtlərdə və hər kəslə mübarizəyə hazır olmalısan, deyə düşünürəm.
 
Ramin DEKO
Shares: